Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a verdiyi açıqlamada Milli Məclisdə Qərbi Azərbaycanla bağlı keçirilən dinləmələrdən bəhs edib.
O bildirib ki, dinləmələrin əsas mövzusu Qərbi Azərbaycana qayıdış prosesində qeyri-hökumət təşkilatlarının (QHT) rolu olub:
"QHT-lər bu məsələdə çox fəaldırlar. Artıq bir çox layihələr icra olunmaqdadır və Agentlik tərəfindən dəstəklənir. Keçən il 24 təşkilat bu istiqamətdə layihə həyata keçirirdisə, bu il artıq 51 təşkilat bu mövzuda qalib olub. Dinləmədə elm, mədəniyyət, inkişaf və hüquq sahəsində müxtəlif fikirlər səsləndirilib. Qeyd olunub ki, qayıdış bu gün bütün Qərbi azərbaycanlıların arzusudur. Lakin bu prosesdə qadınların, uşaqların, həssas qrupların, aztəminatlı ailələrin, əlillərin və tənhaların sosial hüquqlarının qorunması məsələsinə xüsusi diqqət yetirilməlidir. Ən vacib məqamlardan biri təhlükəsizlik məsələsidir. Qayıdış zamanı təhlükəsizlik tam təmin edilməlidir. Hazırda Qərbi Azərbaycanda yaşayış vəziyyəti tam müəyyən edilməyib. Bəzi ərazilər dağıdılıb, bəzi yerlərdə ermənilər məskunlaşıb, lakin elələri də var ki, evləri zəbt edib, sonra oranı tərk ediblər və hazırda Ermənistanda yaşamırlar, başqa ölkələrə köçüblər".
İradə Rizazadə qayıdış prosesində təhlükəsizliyin önəmli məqam olduğunu bildirib. Onun sözlərinə görə, qayıdanların mənzil məsələsi mütləq həll olunmalıdır:
"Onlar üçün müəyyən qayıdış statusu müəyyənləşdirilməli və sosial təminatları tənzimlənməlidir. Qayıdış prosesi hüquqi və sosial çərçivədə aparılmalı, bu sahədə qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir. Ermənistan dövləti öz vətəndaşlarının geri qayıtmasını təmin etməkdə maraqlı olmalı və onlar üçün münbit şərait yaratmalıdır. Mədəniyyət məsələsinə də toxunulub. Qeyd olunub ki, Qərbi Azərbaycandakı mədəni və tarixi abidələr tamamilə məhv edilib. Lakin bəzi abidələrin qalıqları üzə çıxır və onlar bərpa olunmalıdır. Məsələn, Təpəbaşı məscidi ilə bağlı məsələ dəfələrlə qaldırılıb. Azərbaycanlıların oradakı folkloru, teatrı və digər mədəniyyət ocaqları yenidən bərpa edilməlidir. Təhsil sahəsində də mühüm addımlar atılmalıdır. Vaxtilə Qərbi Azərbaycanda Azərbaycan dilində məktəblər, texnikumlar və ali təhsil müəssisələri mövcud olub. Lakin zamanla bunlar tədricən azaldılıb və nəhayət, yalnız bir fakültə saxlanılıb. Qayıdış zamanı Azərbaycan dilində təhsilin tam şəkildə bərpası təmin olunmalıdır".
Sonda o, vurğulayıb ki, vətəndaşlar doğma yurdlarına elə qayıtmalıdırlar ki, orada vaxtilə olduğu kimi təhsil, mədəniyyət və digər sahələr yenidən canlansın və inkişaf etsin.
Pərvanə Fərhadqızı
QHT.az