Konfransın növbəti paneli “İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri” mövzusuna həsr olunub. Manset.az xəbər verir ki, Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin sədri, “Apex” Hüquq Şirkətinin direktoru, hüquqşünas Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən iclasda əsas məruzəçi kimi çıxın edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov iqlim dəyişiklərinin mədəni irsə təsirindən söz açıb. Qeyd edib ki, son illərdə beynəlxalq təşkilatlar tərəfindən mədəni dəyərlərin qorunması barədə müxtəlif addımlar atılıb. Qahirə Universitetinin professoru, UNESCO-nun eksperti Mohsen Abulnaqa UNESCO-nun şəhərsalma ilə bağlı gördüyü işlərdən danışıb. Portuqaliyanın Mədəniyyət Nazirliyinin yanında Mədəni İrs İnstitutunun baş arxeoloqu Joze Luis De Negreiros Monteiro iqlim dəyişiklərinin artefaktlara uzun və qısamüddətli təsirindən bəhs edib. Memar Sinan İncəsənət Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan və Haliç Universitetinin Memarlıq fakültəsinin mühazirəçisi Funda Ayberkin arxeoloji ərazilərin qorunması haqqında söz açıblar. Cenevrə Universitetinin hüquq professoru, mədəni irs üzrə mütəxəssis, Alessandro Çeçi münaqişə zamanı tarixi, mədəni irsin qorunması haqqında fikirlərini söyləyib. Mədəni mülkiyyətin qanunsuz olaraq daşınması üzrə beynəlxalq ekspert, Siena Universiteti - CAMNES Qədim Aralıq dənizi və Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşı, professor Alesiya Kuş mədəni abidələrin qanunsuz olaraq daşınmasının qarşısının alınması yollarından danışıb. Son olaraq çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin müdir müavini Rəşad Allahverdiyev Azərbaycana xas olan spesifik mədəni və təbii irs haqqında fikirlərini bölüşüb.