Son günlərdə Milli Məclisdə Qərbi Azərbaycanla bağlı mühüm dinləmələr keçirilib. Bu çərçivədə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni QHT.az-a açıqlama verib.
Rauf Zeyninin sözlərinə görə, Qərbi Azərbaycana qayıdış konsepsiyası Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bir məsələdir. O bildirib ki, Qarabağın işğaldan azad edilməsi prosesində olduğu kimi, bu gün də Qərbi Azərbaycana dinc və ləyaqətli qayıdış məsələsi prioritet mövzudur:
"Necə ki, biz Qarabağın işğaldan azad olunması ilə əlaqədar olaraq hamımız qarabağlı olduq, bu gün hamımız irəvanlı olmalıyıq, Qərbi azərbaycanlı olmalıyıq. Bu gün Qərbi Azərbaycan icması qısa müddət ərzində bu istiqamətdə çox əhatəli, hərtərəfli və önəmli xüsusi fəaliyyət həyata keçirib və bu da ictimaiyyətin, az da olsa, beynəlxalq təşkilatların diqqətini özünə cəlb edib. Əlbəttə ki, İrəvanda da bu fəaliyyətdən çox narahatdırlar, çünki bu fəaliyyətin beynəlxalq standartlara uyğun həyata keçirildiyini bilirlər və bundan irəli gələrək də Qərbi azərbaycanlıların, daha doğrusu, soydaşlarımızın, azərbaycanlıların birbaşa Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli köçünün təmin edilməsi ilə əlaqədar məlumatlara malikdirlər. Buna görə də bilirlər ki, bizim soydaşlarımız, bizim qərbi azərbaycanlılar, doğrudan da Qərbi Azərbaycanda Dədə Baba torpaqlarına, doğma yurdlarına qayıtmaq niyyətindədirlər və bu niyyət hər hansı bir manipulyasiya deyil, ciddi insan istəyi və təbii istəkdən irəli gəlir; insan öz yurduna qayıtmaq istəməlidir. İstəyir və bundan irəli gələrək onun beynəlxalq hüquqları var və bu hüquqlar təmin edilməlidir".
QHT sədri vurğulayıb ki, bu baxımdan da Milli Məclisdə Konkret İnsan Hüquqları Komitəsi tərəfindən və digər ictimai birliklər və dini qurumlar komitəsi tərəfindən onların təşəbbüsü ilə keçirilən Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində ictimai müzakirələr çox böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, çox vacib ictimai dinləmələrdir və bu ictimai dinləmələr mütəmadi olaraq keçirilməlidir:
"Düşünürəm ki, qeyri-hökumət vətəndaş cəmiyyəti institutları da bundan nəticə çıxararaq öz fəaliyyətlərində müəyyən korrektələr etməlidir, fəaliyyətlərini gücləndirməlidir. Təkcə bu və ya digər layihələrin həyata keçirilməsi ilə kifayətlənməməlidir. İllik fəaliyyətlərində Qərbi Azərbaycana qayıdış konsepsiyasının müddəalarından irəli gələrək müxtəlif tədbirlər, maarifləndirici tədbirlər, əlaqələndirici tədbirlər həyata keçirilməlidir ki, bu, Qərbi Azərbaycana tarixi qayıdışımızı təmin edə bilsin. Bununla əlaqədar olaraq qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi, yeni tədbirlərin həyata keçirilməsi, müxtəlif maarifçilik tədbirlərinin və yeni maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, vətəndaşlara öz hüquqlarının izah olunması, eyni zamanda dünya ictimaiyyətinin məlumatlandırılması, beynəlxalq təşkilatlarla müvafiq işin aparılması və digər fəaliyyətlərin həyata keçirilməsi çox mühüm bir məsələdir."
Pərvanə Fərhadqızı
QHT.az