AZ

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 14-də davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərə cinayətkar birliyin tərkibində funksiya və vəzifələr, vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Qarabağda hakimiyyətin zorla ələ keçirilməsi, o cümlədən Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərmiş qondarma rejimdə “inzibati ərazi bölgüsü”, müxtəlif vəzifələrə təyinatların aparılması və vəzifədən çıxarma, dövriyyədə olan pul vahidi, xarici və daxili bank əməliyyatlarının həyata keçirilməsi, müxtəlif malların idxal və ixracı, qondarma rejimin qanunsuz iqtisadi fəaliyyəti nəticəsində istehsal olunan məhsulların üzərində istehsal yeri kimi hansı ölkənin adının qeyd edilməsi, gömrük məsələləri, qondarma rejimin fəaliyyət göstərdiyi ərazilərə səfərə gedən şəxslərə icazə və ya vizaların verilməsi, erməni sakinlərin hansı ölkənin vətəndaşları olmaları, onlara şəxsiyyəti təsdiqləyən sənədin hansı qurum tərəfindən verilməsi, “büdcəyə” vəsaitlərin toplanma qaydası, həmin proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair suallar ünvanlanıb.

Əvvəlcə təqsirləndirillən şəxs Bako Sahakyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar verilib.

Bako Sahakyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən qondarma rejimin “büdcəsi”nin Ermənistandan daxil olan vəsaitlər heabına formalaşdırıldığı etiraf edib. O, bu vəsaitlərin hər il verildiyini bildirərək deyib: “Büdcə” Ermənistan tərəfindən verilən “kreditlər” hesabına, həmçinin fərdi gəlirlərdən formalaşırdı. Bundan başqa, hər il müəyyən pul toplanılması həyata keçirilirdi, dünyanın bir çox ölkələrindən kim istəyərdisə, xeyriyyə fondları vasitəsilə kömək edə bilərdi”.

Təqsirləndirilən şəxs Ermənistanın ayırdığı vəsaitlərin “faizsiz kreditlər” adlandırılmasına baxmayaraq, həmin pulların geriyə qaytarılmadığını da etiraf edərək bildirib: “Biz 1991-ci ildən 2023-cü ilədək Ermənistandan göndərilmiş heç bir məbləği qaytarmamışıq, çünki bu, məntiqsiz bir şey idi. Ona görə ki, bizim şəxsi resurslarımız ehtiyaclarımızı qarşılamağa qadir deyildi”.

O etiraf edib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb.

B.Sahakyan işğal dövründə Ermənistan vətəndaşlarının Qarabağda, Qarabağda yaşayan erməni sakinlərin isə Ermənistanda həmin ölkənin vətəndaşlarının statusu ilə daşınmaz əmlak ala bildiklərini, digər hüquqlardan da istifadə etdiklərini bildirib və deyib: “Ermənistan bizim üçün xarici ölkə hesab edilmirdi”.

O, sualları cavablandırarkən bildirib ki, Ermənistan silahlı qüvvələrinə tabe olan qondarma rejimin “ordusu” onun ən böyük silahlı birləşməsi idi.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran B.Sahakyan qeyd edib ki, qondarma rejimin “müdafiə naziri”, “Silahlı qüvvələrin baş qərargah rəisi” və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O, bu işlərə qarışmadığını deyib və bildirib: “Biz bunu gizlətmirdik”.

Təqsirləndirilən şəxs etiraf edib ki, qondarma rejimin “hərbi qurum”ları ilə bağlı bütün bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb.

B.Sahakyan deyib ki, işğal edilmiş ərazilərə silah-sursat Ermənistan Respublikasından gətirilirdi.

O, işğal altında olan ərazilərdə hərbçilərin maaşının necə verilməsi barədə sualın cavabında deyib: “Büdcə” və “ordu” ilə bağlı bizim belə bir xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əməkhaqları, əsgərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan “kreditlərə” aidiyyəti yox idi”.

Bako Sahakyan dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab verərkən bildirib ki, qondarma rejimin “müdafiə naziri” ona deyil, Ermənistanın hərbi-siyasi rəhbərliyinə məruz etdiyi üçün Qarabağdakı hərbçilərin sayını dəqiq bilmir. O, buna baxmayaraq, qondarma rejimin “müdafiə naziri” ilə münasibətləri yaxşı olduğuna görə hərbçilərin qeyri-rəsmi sayını öyrəndiyini bildirib: “Müdafiə naziri” Qarbağın “prezident”inə rəsmi şəkildə məruzə etmirdi. Amma bizim özümüzün münasibətlərimiz var idi, bu da təbiidir. Çünki “müdafiə ordusu” Qarabağın təhlükəsizliyini təmin edirdi. Mən bilməli idim ki, bizim sayımız nə qədərdir”.

Təqsirləndirilən şəxs Azərbaycanın işğal altında olan ərazilərində keçirilən hərbi təlimlərin planının Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən təsdiqləndiyini bildirib.

Bako Sahakyan işğal olunmuş ərazilərdə “İskəndər M”, “Toçka U” və digər dağıdıcı silahlar barədə də Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandırıb.

O, sadalanan silahların işğal edilmiş ərazilərdə olmadığını bildirərək deyib: “Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. “Prezident” olduğum müddətdə (2007-2020-ci illərdə) bu silahların Qarabağa gətirilmədiyini dəqiq deyə bilərəm”.

Təqsirləndirilən şəxs, həmçinin qeyd edib: “Müdafiə qurumları”nın “rəhbəri” qondarma rejimin “prezident”inə məruzə etməyə borclu olmasa da, bu silahların əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, “ordu komandiri” bu barədə mənə məlumat verməli idi”.

B.Sahakyan qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə isə bunları bildirib: “Deyə bilərəm ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb”.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən deyib ki, Azərbaycanın işğal altında olan ərazilərində istehsal edilmiş məhsullar Ermənistan vasitəsilə xaricə satılarkən üzərində “Made in Armenia” sözləri yazılıb. O əlavə edib: “Çünki Qarabağın “ixrac” etməyə hüququ, imkanları yox idi. “İxrac olunan” növlər çox deyildi. Yalnız bir neçə şirkət idi ki, “ixrac”la məşğul olurdu. Bu şirkətlər Ermənistanda qeydiyyatdan keçirdi, filiallar, qardaş şirkətlər kimi. Çünki sertifikatlaşdırma və digər sənədləşdirmə işləri üçün yeganə yol bu idi. Son mərhələdə bu məhsul Ermənistandan ixrac olunurdu. Yaxud Ermənistanda qeydiyyatdan keçmiş hansısa şirkətə köçürülürdü, həmin şirkət vasitəsilə emal edilirdi”.

Təqsirləndirilən şəxs deyib ki, qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu. Qarabağın pul vahidi və bank sistemi yox idi.

A.Harutyunyan söyləyib ki, işğal dövründə Ermənistan vətəndaşları qondarma rejimdə nazir təyin edilə bilərdilər. O, qondarma rejimin “ordu”sunun maliyyələşdirlməsindən də danışaraq bildirib: “Ordu”nun maliyyələşdirilməsi birmənalı olaraq Ermənistandan idi. “Ordu” Ermənistan Müdafiə Nazirliyinin büdcəsindən maliyyələşirdi. Bundan başqa, bütün vəzifələrin təyinatı Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifədə oturan şəxləri tərəfindən həyata keçirilirdi. “Müdafiə ordusu”nun “komandir”i eyni zamanda “müdafiə naziri” adlandırılırdı. Biz təyinatla bağlı məxfi qərar aldığımız zaman yayımlayırdıq ki, guya bu əmr bizim tərəfimizdən verilib. Əmrin yerinə yetirilməsi qaydasını isə daha yaxşı Levon Mnatsakanyan deyə bilər. Biz yalnız deyirdik ki, “müdafiə naziri” təyin etmişik.

“Qarabağ ordusu” Ermənistan silahlı qüvvələrinin bir bölməsi hesab olunurdu. Təsəvvürümə görə, yuxarıdan-aşağı - baş qərargah rəisindən aşağıya doğru qərarlar verilirdi. Bunlar hamısı məxfi prosedurlarla aparılırdı. Onlarla tanış deyiləm. Düşünürəm ki, bunlara daha dəqiq cavabı Mnatsakanyan verəcək. Əsas hərbi xadim Ermənistanın baş qərargah rəisi idi, həm müharibə, həm də sülh şəraitində. Müdafiə nazirinin də Ermənistanda bir neçə funksiyaları var. Bilmirəm kimin hansı səlahiyyətləri var, amma əsas cavabdeh baş qərargah rəisi idi. Nəinki silah-sursat, bütün təchizat Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi, yəni, hər şey”.

O, Azərbaycanın işğal altında olan ərazilərindəki erməniəsilli hərbçilərin sayını dəqiq bilmədiyini, lakin onların çoxunun Ermənistan hərbçiləri olduğunu bildirib.

A.Harutyunyan qondarma rejimin “prezidenti” seçilməsindən də danşıb: “Bu “vəzifə”ni 2020-ci il mayın sonunda təhvil almışam. Koronovirus pandemiyasının ən aktiv mərhələsi idi. İyun ayında Ermənistanda Təhlükəsizlik Şurasının birgə iclası idi. Orada Ermənistan Respublikasının prezidenti, baş naziri ilə görüşmüşəm, siyasi vəziyyətdən, yəni, danışıqlar prosesindən söhbət gedib. Danışıqlardan başa düşdüm ki, Ermənistan ordusu uzunmüddətli döyüş əməliyyatlarına hazır deyil. Avqustun sonunda Ermənistan Respublikasının baş naziri Qarabağa gələndə onu qəbul etdim”.

O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən Gəncə şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından da danışıb. A.Harutunyan bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyandan məlumat aldığını bildirərək deyib: “Ermənistan Silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyan idi. Mənim baş qərargah rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanının vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb”.

A.Harutyunyan hazırda Azərbaycanda mühakimə olunan Ermənistan Respublikasının vətəndaşı Ruben Vardanyanla bağlı da danışıb, onu çox yaxşı tanıdığını bildirib: “Ruben Vardanyanı 2005-ci ildən tanıyıram. Onunla dəfələrlə görüşmüşəm. Sonuncu görüş 2023-cü ilin avqust, sentyabr, oktyabr aylarında olmalı idi. İki ay yarım - üç ay müddətində “dövlət naziri” olub.

Məhkəmənin növbəti iclası martın 17-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Seçilən
31
26
apa.az

10Mənbələr