Bakı, 14 mart, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və “Codelandia” MMC-nin birgə təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunan elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tələbə və gənc tədqiqatçıların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, bu sahədə ən son yeniliklərlə məlumatlandırılmaları məqsədilə keçirilən seminarda “Checkpoint Cybersecurity” şirkətinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Şahin Soltanov və “Codelandia” MMC-nin kibertəhlükəsizlik üzrə mütəxəssisi Toğrul Xəlilov “Kiber immunitet: kiber gigiyena və onlayn təhlükələrdən qorunma” mövzusunda məruzə ilə çıxış ediblər.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov çıxış edərək, dövlət-özəl tərəfdaşlığı ilə universistetdə təşkil edilən və bu istiqamətdə “Codelandia” MMC ilə həyata keçirilməsi nəzərdə tutulan layihələr barəsində tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, belə əməkdaşlıqlar BDU tələbələrinin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artmasına, onların əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadr kimi formalaşmasına imkan verəcək.
Sual-cavab formatında davam edən seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.
Qeyd edək ki, BDU-nun tələbə və gənc tədqiqatçılarının süni intellekt əsaslı texnologiyalar və informasiya təhlükəsizliyi sahələrində bilik və bacaqırlarının daha da artırılması, onların bu sahələr üzrə ən son yeniliklər barəsində məlumatlandırılması, habelə istehsalatdan olan mütəxəssislərin təcrübəsindən yararlanmaları məqsədilə bu mövzularda müxtəlif məzmunlu tədbirlərin davamlı olaraq təşkili planlaşdırılır.