Azərbaycan Premyer Liqasının XXVII turunda baş tutan “Araz-Naxçıvan” – “Şamaxı” (1:1) matçından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
– Çətin oyun oldu. “Araz-Naxçıvan” kimi komandalara qarşı oynamağın çətin olacağını bilirdik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi səfərdə tək qoymadılar. Futbolçularımı təbrik edirəm. Ağır qrafikdəyik. Ən ağırı o idi ki, sonuncu dəfə təbii meydançada “Neftçi” ilə oynamışıq. Bu elə ilk dəqiqələrdən də hiss olundu. Futbolçularım oyuna ağır girdilər. Amma ikinci hissədə komandamdan razı qaldım. Hətta 3 xalı itirdik deyə bilərəm. Amma bu da bizim üçün mühüm xaldır. Bu stabilliyi qorumalıyıq.
– Azərbaycan U-21 millisinin baş məşqçisi təyin edildiniz. Deyilənə görə “Şamaxı”dakı işinizlə paralel bu vəzifəni icra edəcəksiz və “Şamaxı” U-21 millimizin əsas bazasına çevriləcək. Bu haqda nə deyə bilərsiz?
– Mənim üçün də Azərbaycan millisinin 2-ci komandasında çalışmaq həm çətindir, həm də şərəfdir. Azərbaycan futbolunun inkişafını istəyiriksə, əgər bizə ehtiyac varsa, əlimdən gələni etməyə hazıram. İlk növbədə AFFA rəhbərliyinə təşəkkür edirəm. Mənə güvəndilər. Ətraflı danışa bilmərəm. Çünki mövsüm sonuna qədər “Şamaxı”dayam. Sevindirici xəbər odur ki, “Şamaxı” rəhbərliyi gənclərin oynaması üçün alışıb yanırlar. Rüfət, Rauf, Edqar kimi futbolçuların çoxluğunu istəyirik. Legioner limitinin ləğv edilməsinə görə bu futbolçuların çıxış etməsi çətinləşəcək.
– İki işinizin olması sizi çətinə salmayacaq?
– Xeyr, çətin olmaz. Çünki bəzi proyektlər var. Buna tam dəqiqliklə nəsə deyə bilmərəm. Yaxın vaxtlarda aydınlıq gələcək. Köməkçilərimin sayəsində bu işin öhdəsindən gələcəyik.
– U-21-lərin təlim-məşq toplanışınıza hansı köməkçilərinizlə gedəcəksiz?
– Elnur Çodarov və Kamil Qafarovla. Vüsal Qarayev də mənimlə gedəcək. Xəyal müəllim də burada qalacaq. İndi çətinlik olmayacaq. İstirahət var. Hardasa 6-7 məşqdə iştirak edəcəm. Amma bundan sonrakı toplanışlarda köməkçilərim olacaq.
– İkinci hissədə tam başqa “Şamaxı” meydanda gördük. Fasilədə nə etdiz?
– İki dəyişiklik etdik. Hansı ki, ilk hissədə mərkəzdə aqressiyamız çatmırdı. Brahimi qabağa atdıq və bəhrəsini gördük. Cəlalı da arxaya atmaqla standart vəziyyətlərdə üstünlüyümüzü bərpa etdik. Qolu da elə vurduq. Futbolçularımın ilk hissədən sonra belə çıxışı siqnal verir ki, komanda ruhu var.
– Araya 15 günlük milli fasilə girir. Bu “Şamaxı”nın işinə yarayacaq?
– Bu suala cavab vermək çox çətindir. Nəticələrdən sonra biləcəyik. Ağır qrafikdə oynadıq. Məncə, 3-cü dövrə bizim üçün pis keçmədi. Futbolçuların istirahətə ehtiyacı var. İnanıram ki, fasilə xeyrinizə olacaq.
– Belə iddialar var ki, “Şamaxı” U-21 millisinin bazası olacaq. Klub rəhbərliyi buna razıdır?
– Klubun mənafeyini qoruyacağıq. Mütləq şəkildə komandada legionerlər olacaq. Elə bir fikir yoxdur ki, “Şamaxı”da yalnız gənc futbolçular oynasın. Amma istəyərdim ki, U-21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin. I Liqada və ya Əvəzedicilər liqasında məşq edib oynamaqla Premyer Liqa klubunda məşq edib oynamaq eyni deyil. Gənc futbolçuların oynaması önəmlidir. Amma onların yanında kimlərin olması da vacibdir. Sintez eləmək istəyirik.
– Fernandu Santuşla görüşmüsüz?
– Yox, görüşüm olmayıb. Təyinatım bu gün rəsmiləşib. A milli ilə mütəmadi əlaqədə olmalıyıq. Çox istəyirəm ki, Santuşla görüşüm, əlaqəmiz olsun. Bu, məncə, millinin xeyrinə olar.
– Bəzi futbolçular turizm xatirinə gedirdilər və ad olurdu ki, millidə oynayıblar…
– Futbolçularımızın bəziləri Avropa təcrübəsi görməlidir. Bizim əsas məqsədimiz də yuxarı səviyyəli futbolçular yetişdirməkdir.
– U-21 millisində ilk görəcəyiniz iş nə olacaq?
– İlk işim seleksiyadır. Vaxtımız az olduğuna görə bu toplanışda hansısa futbolçular kənarda qala bilər. Yaya qədər böyük bir seleksiya edəcəm. Burada təkcə 2004 təvəllüdləri yox, 2006/07 təvəllüdləri də izləyəcəm.
Mirkamal Kazım