AZ

"Burada mənəm, Bağdadda kor xəlifə" - "Qarabağ"ın buna ehtiyacı var?

AFFA İntizam Komitəsi (İK) "Araz Naxçıvan" - "Qarabağ" görüşündə yaşanan kütləvi dava ilə bağlı gözlənilən qərarları açıqladı.

Baş hakim Kamal Umudludan fərqli olaraq İK-a Felipe Santosla bərabər Elvin Cəfərquliyev və Musa Qurbanlıya da cəza verilməsini ədalətli hesab edib.

Təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan braziliya legionerin cəzası 2 oyun şərti olmaqla 4 oyun müəyyən olunub.

Umudlunun sarı vərəqə ilə kifayətləndiyi Musa Qurbanlı isə təcavüzkar davranışa görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. Elvin Cəfərquliyevə də 1 oyun şərti olmaqla 2 oyunluq cəza verilib. Halbuki cinah müdafiəçisi oyunun gedişində sarı vərəqə belə almamışdı.

Elvin və Musa layiqli cəzasını İcraiyyə Komitəsinin iclas zalında yox, meydanda almalıydı.

Onda hər şey fərqli də ola bilərdi. Hadisələr baş verəndə oyunun 83-cü dəqiqəsi gedirdi. İkinci hissəyə artırılan 6 dəqiqəni nəzərə alsaq, 13 dəqiqə "Araz" meydanda say üstünlüyü əldə etmiş olacaqdı. Bu müddətdə nəinki hesabı 2:2 etmək, hətta önə də çıxmaq olardı. Deməli, Naxçıvan təmsilçisinin haqqı çox kobud şəkildə yeyilib.

Deyək ki, Kamal meydanda başverənləri diqqətdən qaçırıb.

Bəs VAR-da oturan təcrübəli Əliyar Ağayev hara baxırdı?

Bu boyda həngaməni görməzdən gələn adamın VAR otağında nə işi var?

Əgər VAR da düzgün qərarlar verməyə kömək etmirsə, Samir Abasovun demişkən onu ümumiyyətlə futboldan rədd etmək lazımdır.

Ən üzdə olan, barəsində təriflər yağdırılan referimiz bu cür absurd qərarlar verirsə, digərlərindən nəsə gözləməyə dəyməz.

Deməli, hakimlər futbolumuzun günündə deyil. Ondan da betər vəziyyətdədir.

Biri var hansısa mübahisəli epizod, biri də var "Araz Naxçıvan" - "Qarabağ" oyunundakı aşkar qələt.

"Qarabağ"ın belə hakim köməyinə ehtiyacı yoxdur. "Köhlən atlar" məğlub olsaydı belə ciddi nəsə dəyişməyəcəkdi. Ən pis halda ən yaxın izləyicisi "Zirə" ilə aradakı xal fərqi 12 yox, 9 xalla ifadə olunacaqdı.

Amma qarşı tərəf üçün tam tərsidir.

Mövsümün ən ağır dönəminə addım atmışıq. Medalçılar sırasında qalmaq uğurunda amansız mübarizə gedir.

Belə kritik məqamda bu cür qərarlar avrokuboklar uğurunda mübarizə aparan digər rəqiblərin əlinə oynamağa daha çox oxşayır.

Bu gün Naxçıvan təmsilçisi üçün hər xalın dəyəri böyükdür.

Klub əziyyət çəkir, pul xərcləyir və məqsədi avrokuboklara getməkdir.

Hakimlər isə bu cür yarıtmaz səhvləri ilə muxtar respublika təmsilçisinin bütün əməyini yerə vurmuş olur.

Belədə "Araz" cəbhəsi haqlı olaraq bunun adını qərəz qoyur.

Bu əsası isə qarşı tərəfə Əliyar Ağayev kimilər verir.

Qəribəsi odur ki, günahkar FİFA referisinə heç bir cəza verilmir.

Belə olmasaydı 26-cı turda kobud xətası olan adam 27-ci turun "Turan Tovuz" "Sumqayıt" oyununa baş hakim təyin olunmazdı.

Cəzasızlıq mühitində xətalar azalmır, əksinə "burda mənəm, kor xəlifə" düşüncəsi hakim kəsilir Əziyyətini isə "Araz" kimi klublar çəkir/çəkəcək.

XANOĞLAN İMANOV

Seçilən
2
sportinfo.az

1Mənbələr