AZ

Mənzil almaq, yoxsa ev tikmək? –

Bəzi insanlar öz evlərini tikməyi üstün tutur, bəziləri isə hazır mənzil almağı seçirlər. Ev tikmək istəyənlər istədikləri dizaynı və təmiri öz zövqlərinə uyğun şəkildə həyata keçirə bilərlər. Digər tərəfdən hazır mənzil almaq daha sürətli və rahat bir seçim kimi görünür. Bəs mənzil almaq, yoxsa ev tikmək? – Hansı daha ucuz başa gəlir? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında mənzilin və ya fərdi yaşayış evinin yerləşdiyi ərazinin əhəmiyyətini vurğulayıb: “Əgər eyni ərazidən, məsələn, Xırdalan, Masazır və ya digər Bakı ətrafı qəsəbələrdən söhbət gedirsə, burada ev tikmək mənzil almaqdan daha məqsədəuyğun hesab olunur. Çünki hazırda ölkədə mənzil qiymətləri davamlı olaraq artır və binalarda yerləşməsindən asılı olmayaraq, mənzillər daha yüksək qiymətə təklif olunur. Qeyd olunan ərazilərdə torpaq sahələrinin qiymətləri nisbətən münasib olur və tikinti xərcləri də mənzillə müqayisədə daha aşağıdır. Üstəlik fərdi yaşayış evlərinin əksəriyyətinin həyəti olur ki, bu da əlavə üstünlükdür. Şəhərin mərkəzinə gəlincə, burada fərdi ev tikmək üçün torpaq sahəsi, demək olar ki, yoxdur. Əksər yerlər çoxmərtəbəli binalarla əhatələndiyindən, fərdi ev tikmək üçün yalnız şəhərdən bir qədər kənar ərazilərə yönəlmək mümkündür. Bu ərazilərdə torpaq sahələri bahalı olsa da, kiçik torpaq sahələrində fərdi yaşayış evi tikmək mənzil almaqdan daha məqsədəmüvafiq hesab edilə bilər”. Ekspert fərdi yaşayış evlərinin iki əsas kateqoriyaya bölündüyünü bildirib: “Fundamental fərdi yaşayış evləri sahibinin zövqünə uyğun, yüksək keyfiyyətli materiallardan inşa edilir və təbii ki, daha baha başa gəlir. Torpaq sahəsinin qiymətini nəzərə almasaq, belə evlərin tikinti xərci yerindən asılı olaraq, təxminən 700-1000 manata qədər başa gəlir. Makler evləri isə daha sadə materiallardan inşa edilir və daha ucuz başa gəlir. Belə evlərin bir kvadrat metri təxminən 450-500 manata tikilir. Bu fərqləri nəzərə almaq vacibdir, çünki insanlar fərdi seçimlərinə əsasən ev və ya mənzil arasında qərar verirlər. Bəziləri mənzildə yaşamağa üstünlük verir, çünki burada kompakt şəraitdə yaşamaq daha komfortdur. Digərləri isə həyət evinə üstünlük verirlər, çünki burada təbiətə yaxın olmaq, istirahət üçün geniş sahəyə malik olmaq və digər üstünlüklər mövcuddur”. V.Oruc qeyd edib ki, hazırda tikinti materiallarının qiymətləri yükdəkdir və bu səbəbdən insanlar daha çox hazır fərdi yaşayış evlərini almağa üstünlük verirlər: “Çünki tikinti prosesində qiymətlərin dəyişəcəyi riski var və bu da arzuolunan deyil. Buna görə də insanlar müxtəlif satış platformalarından hazır evlər barədə məlumat əldə edərək daha çox bu variantı seçirlər. Ümumiyyətlə, "Ev tikmək daha sərfəlidir, yoxsa mənzil almaq?" sualına birmənalı cavab vermək mümkün deyil. Çünki bu, həm ərazinin infrastrukturu, həm şəxsi zövqlər, həm də maddi imkanlardan asılıdır. Əgər maddi imkanlar kifayət qədərdirsə, ideal variant həm mənzil, həm də fərdi ev sahibi olmaqdır. Mövsümə görə də bu seçim dəyişə bilər, yəni yaz və yay aylarında həyət evi daha əlverişli ola bilər. Pandemiya dövründə də müşahidə etdik ki, fərdi evlərdə yaşayan insanlar daha rahat oldular, çünki burada təcrid olunmaq, açıq havada vaxt keçirmək mümkündür. Ancaq müasir dövrün tələbələri daha çox mənzili seçməyə üstünlük verir”. Mütəxəssisin sözlərinə görə, artıq insanlar şəxsi mülkiyyətə sahib olmaqdan çox, kirayə mənzillərə üstünlük verməyə başlayırlar: “Dünyada belə bir meyl var ki, insanlar yaşayış yerini daha rahat dəyişmək üçün ev və ya mənzil almaqdansa, müvəqqəti və ya daimi olmasından asılı olmayaraq kirayə yaşayırlar. XXI əsrin tendensiyalarını nəzərə alsaq, gələcəkdə kirayə yaşamaq əsas prioritet olacaq. Hal-hazırda bu tendensiya çox yayılmayıb, çünki Azərbaycan mentaliteti də burada öz rolunu oynayır. Məsələn, Azərbaycanda evi olmayan oğlanlara qız verməmək ənənəsi hələ də mövcuddur. Buna görə də bir müddət daha ölkəmizdə mülkiyyətə sahib olmaq, şəxsi evə sahib olmaq düşüncəsi davam edəcək. Nəticə olaraq, ev tikmək daha çətindir, amma daha ucuz başa gəlir. Mənzil isə bahalıdır, lakin daha rahat və komfortlu yaşayış təklif edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
1
metbuat.az

1Mənbələr