Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi yazılı açıqlamada ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 30 günlük atəşkəs təklifini dəyərləndirib.
Turkustan.az xəbər verir ki, Ukraynanın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantıda ABŞ-ın təqdim etdiyi “30 günlük fövqəladə atəşkəs” təklifini qəbul etdiyini xatırladan Zelenski bunun müharibənin sona çatmasında mühüm mərhələ ola biləcəyini bildirib.
Dünən Putinin təkliflə bağlı açıqlamalarına toxunan Zelenski, Putinin bəzi şərtlər qoyduğunu bildirərək, "O, atəşkəs istəmir. Onun müharibəyə ehtiyacı var. Bu, hər zaman aydın olub və indi də aydındır" deyib.
ABŞ-ın Rusiyaya təzyiq göstərməsi lazım olduğunu iddia edən Zelenski, “Putin özü müharibəni bitirməyəcək, amma Amerikanın gücü onu buna məcbur etmək üçün kifayətdir”- deyə, bildirib.
Rusiya lideri Putinin “müharibəni bitirmək üçün diplomatiyanın uğursuzluğa düçar olması üçün əlindən gələni etməyə” çalışdığını iddia edən Zelenski, “Putin bu müharibədən çıxa bilməz, çünki onda heç nə qalmayacaq”-deyə, vurğulayıb.
Putinin daha əvvəl Minsk danışıqlarında danışıqlar prosesini qəsdən uzatmağa çalışdığını bildirən Zelenski, "Putinin irəli sürdüyü hər şərt hər cür diplomatiyanın qarşısını almaq cəhdidir. Rusiya belə işləyir"deyib.
Atəşkəsi təmin etmək üçün ABŞ tərəfi ilə effektiv və tez işləməyə hazır olduqlarını vurğulayan Zelenski aşağıdakıları qeyd edib:
"Biz müharibə oyunları oynamaq istəmirik. Müharibənin hər günü xalqımız üçün can itkisidir və bu, bizim ən qiymətli şeyimizdir".
Aytən Yaşar/ Turkustan.az