AZ

Qonorar qalmaqalı alovlandı: müğənninin istəyinə cavab gəldi

  Almaniyada yaşayan müğənni Qismət Məmmədzadənin son yayılan videosundakı fikirləri diqqət çəkib. Belə ki, o, müğənni Xatirə İslamın qonorar qarşılığında efirlərə çıxmaqla bağlı illər öncəki paylaşımına reaksiya verib. İfaçı bu metodun uzun müddət reallaşmayacağını deyib.

Sitat: “Telekanallar efirə çıxan müğənnilərə pul versələr, keyfiyyət də tələb edə biləcəklər. Azərbaycan tamaşaçısı isə sanballı musiqi, verilişlər görəcək. Sovet dövründə sənətçilərə ifalarından sonra qonorar ödənilirdi. Müğənninin efirə gəlməsi əməkdir və qarşılığı olmalıdır. Əks halda, bunun adı istismardır. Lakin qonorar metodunun tətbiq olunması üçün bütün incəsənət adamları birlik olmalı və haqlarını tələb etməlidirlər”.

Qeyd edək ki, sözügedən problem uzun müddət mübahisələr yaradıb. Xüsusilə televiziya aparıcıları və prodüserlər buna etiraz ediblər. Müğənnilərlə yanaşı, siyasətçilər, həkimlər, hüquqşünaslar və sair qəbildən olan şəxslər də qonorar iddiasını irəli sürüblər.

Azərbaycan televiziyalarında bu, mümkündürmü?

Globalinfo.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Yaponiyada belə təcrübənin olduğunu deyib:

“Başqa ölkələrlə bağlı nəsə deyə bilmərəm. Amma Yaponiyada istənilən şəxs – müğənni, yazıçı, şair, həkim və sair efirə bir dəfə çıxanda belə böyük qonorar alır. Həmin vəsait isə adamın bir il dolanmağına kifayət edir. Yaxşı mənada birindən istifadə olunursa, haqqı mütləq ödənilməlidir. Bu gün əksəriyyət ya şərhçi, ya müğənni, ya da siyasətçidir. Hamıya qonorar ödəmək mümkün olsa, pis olmazdı”.

  elcin
Elçin Şıxlı

E.Şıxlı bildirib ki, Azərbaycan telekanallarının müğənnilərə qonorar ödəməsi real deyil:

“İnanmıram ki, bu cür imkan olsun. Aparıcılar bəlkə də düşünürlər ki, efirə dəvətlər qarşı tərəfin reklamı üçün fürsətdir. Təəssüf ki, əksər hallarda tanımadığımız müğənnilər və digərləri efirə çıxmağa görə özləri televiziyalara pul verirlər. Lakin dəyərini bilən, əsl sənətkarlar bunu etməzlər. Əksinə, elə onlar verilişlərdən qonorar istəyə bilərlər”.  

Seçilən
1
referans.az

1Mənbələr