AZ

Yəhudilər Bakı üçün hərəkətə keçdi


ABŞ-da 50-dən çox ravvin Prezident Donald Trampa müraciət edərək “İbrahim sazişləri”nin genişləndirilməsini və bu prosesə türk dövlətlərinin (ilk növbədə Azərbaycan, Qazaxıstan, Özbəkistanın) daxil edilməsini istəyib.

İkinci müraciətdə isə Azərbaycana qarşı “907-ci düzəliş”in ləğv olunmasının vacibliyi vurğulanır. Bildirilir ki, ABŞ-ın digər yəhudi təşkilatları, o cümlədən ultra-ortodoks təşkilatlar da Amerika liderinə bu tip müraciətlər etməyi planlaşdırırlar.

Qüdsdəki hökumət mənbələrinin daha əvvəl bildirdiyi kimi, Azərbaycan Prezidentinin Xarici Siyasət Məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və İsrailin Baş naziri Benyamin Netanyahu arasında bu yaxınlarda keçirilən görüşdə Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmasının mümkünlüyü məsələsi müzakirə olunub. Daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş ilə imzalanan bu sülh müqavilələri İsrail ilə Yaxın Şərq və Şimali Afrikanın ərəb ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün çərçivə sənədi rolunu oynayır.

Müraciəti imzalayan ABŞ və Kanadadan olan dini liderlər qrupuna Saymon Vizental Mərkəzinin yaradıcısı ravvin Marvin Hayer və Donald Trampın kürəkəni Cared Kuşnerin dostu, BƏƏ-nin baş ravvini Əli Abadi rəhbərlik edir.

ABŞ Prezidentinə müraciətdə 30 il ərzində “ən etibarlı müsəlman ölkəsi” olaraq qalan, İsrailin strateji tərəfdaşı və ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan Azərbaycanın hələ də Vaşinqtondan dəstək almaması xüsusilə vurğulanır. Həmçinin, ölkənin hələ də “907-ci düzəliş”ə əsasən sanksiyalara məruz qalması və bu sənədin ona ABŞ yardımının təqdim edilməsi imkanlarını məhdudlaşdırdığı qeyd olunur.

İsrailli tarixçi və politoloq Avraham Şmuleviç Globalinfo.az-a açıqlamasında bu addımın çox gözəl təşəbbüs olduğunu bildirib:

“Mən də bir ravvin olaraq bu sənədə imzamı atmaq istərdim. Yəhudi icması ilə Azərbaycan hakimiyyəti və xalqının çox yaxşı dostluq münasibətləri var. Ölkələrimiz bütün sahələrdə əməkdaşlıq əlaqələrinə malikdir. Bu baxımdan, əlbəttə ki, İsrail Azərbaycan və ABŞ arasında münasibətlərin normallaşmasında maraqlıdır. “907-ci düzəliş” ədalətsiz qərar idi. Ermənistan Silahlı Qüvvələrinin Qarabağda törətdiyi etnik təmizləmə faktları hamıya məlumdur. Bu, o zaman Amerika administrasiyası tərəfindən sərt tənqid edilmədi və Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı. Azərbaycan Silahlı Qüvvələri isə Qarabağa nəzarəti bərpa etdikdən sonra orada yaşayan ermənilərə qarşı heç bir zorakılıq əməlləri törətməyib. Buna görə də “907-ci düzəliş” ləğv edilməlidir. Ola bilsin ki, Azərbaycan vasitəçilik üçün rəsmi şəkildə İsrailə müraciət etməlidir”.

A.Şmuleviç qeyd edib ki, hazırda Tramp administrasiyası üçün gündəlikdə Ukrayna və İranla bağlı məsələlər durur:

“Bu mənada Trampın İranın nüvə proqramından imtina etməsi istiqamətində verdiyi qərarlar çərçivəsində Azərbaycanla münasibətlərin yaxşılaşdırılması faydalı olardı. Bu, İran rejiminə təzyiq vasitələrindən biri ola bilər. Tehranın nüvə proqramı təkcə Vaşinqton və Təl-Əviv üçün deyil, Bakı üçün də təhlükə mənbəyidir. Azərbaycan diplomatiyası məsələni İsrail hökuməti və ya hansısa ictimai, dini icmalar vasitəsilə Tramp administrasiyası qarşısında qaldıra bilər. Düşünürəm ki, ABŞ administrasiyası bu təklifləri müsbət qarşılayacaq”.



Seçilən
3
news24.az

1Mənbələr