"Putin Ukraynanı nəzarət altına qaytarmaq planlarından imtina etməyib və Kiyev üzərində hakimiyyətini saxlamaqda israrlıdır..."
ABŞ kəşfiyyatının məxfi hesabatları Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmağa hazır olub-olmamasını şübhə altına alır. Məlumatlara görə, Rusiya lideri ölkə üzərində tam nəzarəti ələ keçirmək məqsədindən geri çəkilməyib.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Putin hələ də Kiyevdə hakimiyyəti əlində saxlamağı hədəfləyir. "Bu hesabatlar ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün apardığı diplomatik səyləri və ya 30 günlük atəşkəs təklifinin perspektivlərini qiymətləndirmək üçün nəzərdə tutulmayıb", - nəşr yazır.
"Lakin onlar Tramp və onun milli təhlükəsizlik komandası qarşısında çətin bir tapşırığın dayandığını vurğulayır və Ağ Evin Putinin sülhə hazır olması ilə bağlı yanlış dəyərləndirmə edib-etmədiyini sual altına qoyur", - nəşr yazır.
Bəzi keçmiş və hazırkı ABŞ rəsmilərinin fikrincə, Putin müvəqqəti atəşkəsə razılaşsa belə, bundan qoşunlarını istirahət etdirmək və yenidən təchiz etmək üçün istifadə edəcək və böyük ehtimalla razılaşmanın şərtlərini pozaraq Ukraynanı ittiham edəcək.
Digər rəsmilər isə hesabatlarda Putinin hansı sülh şərtlərinə razı ola biləcəyi ilə bağlı daha ehtiyatlı proqnozların yer aldığını bildirib. Bununla belə, onlar vurğulayıb ki, Putin Ukraynanı Rusiyanın təhlükəsizlik və iqtisadi təsir dairəsinə daxil etmək tələbindən geri çəkildiyini göstərən heç bir əlamət yoxdur. "Onun "Ana Rusiya"nı bərpa etmək arzusu çoxdan mövcuddur", -
məmurlardan biri qeyd edib.
Trampın martın 6-da hazırlanan bu kəşfiyyat hesabatı barədə şəxsən məlumatlandırılıb-məlumatlandırılmadığı bəlli deyil. Lakin mənbələrdən biri bunun adətən prezidentlə bölüşülən məlumatlar növünə aid olduğunu bildirib.
Başqa bir mənbənin sözlərinə görə, ABŞ-ın Putinin güzəştə getməyəcəyi ilə bağlı qiymətləndirmələri Trampı narahat edir: "Prezident hər vəchlə razılaşma əldə etmək istəyir. Amma rusiyalılar geri çəkilmək əlaməti göstərmir. Əksinə, tələblərini artırır".
Bu arada Avropa kəşfiyyatının bir əməkdaşı son bir ayda toplanan məlumatlara istinad edərək bildirib ki, Rusiya rəsmiləri Trampı zəif, prinsipsiz və manipulyasiyaya açıq hesab edir. Onun sözlərinə görə, daimi atəşkəs əldə edilsə belə, Moskva böyük ehtimalla Ukraynaya qarşı 2014-cü ildən- Krımın işğalı və Donbasdakı müharibədən bəri tətbiq etdiyi "hibrid" metodlara qayıdacaq.
Bunlara iqtisadi və diplomatik təzyiqlər, Ukrayna elitasına, biznes dairələrinə, təhlükəsizlik xidmətlərinə və silahlı qüvvələrə sızma, eləcə də Rus Pravoslav Kilsəsi vasitəsilə təsir göstərmək daxildir. "2022-ci ildəki işğal ona görə baş verib ki, hibrid üsullar nəticə verməyib", - rəsmi əlavə edib.
Putin və atəşkəs – son xəbərlər
Bundan öncə Vladimir Putin müvəqqəti atəşkəs razılaşmasına qarşı olmadığını bildirib, lakin bunun üçün Ukraynanın səfərbərliyi və hərbi hazırlığını dayandırmasını, həmçinin müttəfiqlərdən silah almamasını tələb edib.
"The Telegraph" nəşri yazır ki, Putin mümkün qədər çox güzəşt qoparmaq üçün klassik Rusiya taktikasına- danışıqları uzatmağa əl atır.
"Financial Times" nəşri isə Moskvanın Ukrayna ilə bağlı maksimalist tələblərindən heç bir sülh sazişi çərçivəsində imtina etməyə hazır olmadığını vurğulayıb.