Gələcəyimizin qurucularını hərəmiz bir cür tərbiyə edirik- kimimiz sözlə, kimimiz zorakılıqla.
Maraqlıdır, uşaq tərbiyəsində sağlam psixoloji mühit nə qədər əhəmiyyətlidir?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bu çox əhəmiyyətli məsələdir. Sevgi və nəvazişlə dolu, müsbət emosiyalı, mübahisə olmayan ailədə böyüyən uşaqlar digərlərindən özlərinə güvənmələri, özlərini yüksək qiymətləndirmələri ilə fərqlənirlər:
"Qeyd edim ki, ailədə bütün vacib məsələlərdə, xüsusən uşaq tərbiyəsi ilə bağlı hər iki valideynin sözü üst-üstə düşməlidir. Yəni , ananın sözünü ata və ya atanın sözünü ana inkar edərsə, bu zaman övladın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi də valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən belə danışıq tərzi nümayiş etdirəcək. Valideynlər davranışları ilə öz övladlarına örnək olmalıdırlar. Məsələn, ata oğluna böyüklərə hörmət etməyi tövsiyə edirsə, amma özü yaşlılarla hörmətsiz davranırsa, insanlara qarşı laqeyddirsə, onun ədəb dərsi keçməsi mənasızdır".
Sevinc