AZ

Şuşanın işğalına səbəb olmuş Tehran görüşü –Yaqub Məmmədov və Ter-Petrosyan Rəfsəncani ilə - NADİR GÖRÜNTÜLƏR

Şuşanın işğalına səbəb olmuş Tehran görüşü

33 il əvvəl  1992-ci ilin may ayında İranda Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilmiş görüşlə bağlı nadir kadrlar yayımlanıb.

AzPost bildirir ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Ali Sovetinin sədri Yaqub Məmmədov və Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında olan görüş Tehranın vasitçiliyi ilə aparılıb.

Həmin görüş zamanı Tehran Kommünikesi imzalanıb.

Dövlət başçılarının Birgə Bəyanatı İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə və Azərbaycan Prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən 7 may 1992-ci ildə imzalanıb. Sənəd Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı davam edən savaşa son qoymalı idi.

Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı hər iki ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən hərbi heyət arasında görüşlərin təşkil ediləcəyi və tərəflər arasındakı bütün mübahisələrin ATƏT-in prinsipi və beynəlxalq qanunlar əsasında sülh yolu ilə həll ediləcəyi razılaşdırılıb. Müzakirələr nəticəsində tərəflər İran səfiri Mahmud Vaezinin Bakı, Xankəndi və İrəvana sonrakı səfərindən sonra bütün rabitə əlaqələrini açmağı və vasitəçilik səylərinin davam etdirilməsi üçün ATƏT müşahidəçilərini cəlb etməyi qəbul etdilər.

 

Lakin ertəsi gün, erməni qoşunlarının 8 may 1992-ci ildə atəşkəs razılaşmasını pozaraq Şuşanı işğal etdi. Bu, sülh səylərini dağıtdı. Tehranın verdiyi zəmanətlər əhəmiyyətsiz kağız parçası oldu. Şuşanın işğalı ilə hərbi münaqişə yeni fazaya keçdi.

Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov 1992-ci ilin mayın 12-də Şuşanın işğalı ilə bağlı AzTV-nin canlı efiri vasitəsilə xalqa müraciətində İran görüşü barədə danışıb.

“Bildiyiniz kimi, mart ayının əvvəllərindən başlayaraq, İran İslam Respublikasının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında və Dağlıq Qarabağda yaranmış münaqişəni danışıq yolu ilə, siyasi yolla həll etmək üçün görüşlər keçirilirdi və mükalimələr aparılırdı. Bu danışıqların yekunu olaraq, may ayının 6–da İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin rəsmi dəvəti ilə Azərbaycanın nümayəndə heyəti İranda Ermənistan nümayəndə heyəti ilə üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana yola düşdü”.

Y.Məmmədov çıxışında qeyd edib ki, Tehrana səfərləri üç günə planlaşdırılmışdı: “Ancaq biz respublikada yaranmış vəziyyətlə əlaqədar İran İslam Respublikasının rəhbərliyi qarşısında məsələ qoyduq ki, bu görüş bir gündə qurtarmalıdır. Ayın 6–da İranda, Tehran şəhərində İran İslam Respublikasının rəhbərliyi ilə görüşdük. Axşam isə Ermənistanın nümayəndə heyəti İrana gəldi. Ermənistan nümayəndə heyəti ilə bizim görüşlərimiz ayın 7–nə səhər saat 9–a təyin olundu. Ayın 7–də saat 9 tamamda İran İslam Respublikası prezidentinin iqamətgahında hər üç tərəfin iştirakı ilə danışıqlar başlandı. Bu danışıqlar çox kəskin, çox gərgin, çox mübahisəli oldu. Ona görə də danışıqları həmin gün qurtara bilmədik, çünki müəyyən bir qərara gəlib, müəyyən bir sənəd imzalamaq mümkün olmadı. Ancaq İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin çox böyük səyi və inadkarlığı nəticəsində görüşlər pozulmadı. Görüşlərin yenidən davam etdirilməsi qərara alındı. Nəhayət, ayın 7–də bütün günü və ayın 7–dən 8–nə keçən gecə hər iki nümayəndə heyəti İran İslam Respublikası rəhbərliyinin bilavasitə iştirakı ilə danışıqları davam etdirdi. Danışıqlar nəticəsində bizi qane edən bir sənəd hazırlandı və bu sənədə əsasən, Azərbaycan Respublikasının çox təkidlə tələb etdiyi bəzi məsələlər həll olundu və ona görə o məsələlər bu sənədə daxil oldu və belə bir sənəd imzalandı.

Bu sənəddə bizi qane edən və çox təkidlə tələb etdiyimiz əsas məsələ ondan ibarət idi ki, Ermənistanla Azərbaycan arasında bütün sərhədlər boyu, o cümlədən Dağlıq Qarabağda, bütün münaqişə zonalarında atəş dayandırılsın və atəşimn dayandırılmasına İran İslam Respublikasının müşahidəçiləri, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi tərəfindən göndərilmiş müşahidəçilər nəzarət etsinlər. Sənəd imzalandıqdan sonra biz təcili olaraq Tehrana, təyyarə limanına yola düşdük və Bakıya gəlməli olduq. Tehranda təyyarəyə minərkən bizə məlumat verdilər ki, Ermənistanın hərbi qüvvələri Laçın rayonu tərəfdən Azərbaycan ərazisinə hücuma keçib, Şuşa ətrafında ağır döyüşlər gedir və çox gərgin vəziyyət yaranıb.

Biz elə təyyarə limanında İranın prezidenti Rəfsəncaniyə bu xəbəri çatdırdıq və qəti surətdə öz etirazımızı bildirib tələb etdik ki, təcili olaraq Rəfsəncani Ter–Petrosyanla əlaqə saxlasın və bu məsələnin həll olunmasını tələb etsin.

“Mən gecə şox böyük narahatlıq, təşviş hissi ilə İran Respublikasının prezidenti Rəfsəncaniyə, Türkiyənin Baş naziri Süleyman Dəmirələ, Rusiya hərbi naziri Qaraçova və başqalarına zəng vurub müraciət etdim, yaranmış vəziyyətlə onları tanış etdim və onlardan tələb etdim, xahiş etdim ki, təcili tədbirlər görsünlər və bu müharibə dayandırılsın. Şuşanın ermənilər tərəfindən zəbt olunması Azərbaycan xalqı üçün çox böyük zərbə olar və bu regionda onsuz da gərgin olan vəziyyəti elə bir dəhşətli vəziyyətə gətirib çıxarar ki, onun qarşısını heç bir qüvvə ilə almaq olmaz.

“Müdafiə Nazirliyinin mətbuat idarəsi ayın 9-da və 10-da bütün günü belə məlumatıar verdi ki, Şuşada ağır döyüşlər gedir və Şuşanı biz əldən verməmişik. Ancaq ayın 9-da və 10-da Şuşanı tərk etmiş hərbi hissələrin nümayəndələri ilə və Şuşanın bəzi rəhbər işçiləri ilə mənim görüşüm Ağdamda Quliyev yoldaşın mənə verdiyi bu məlumatı bir daha təsdiq etdi ki, Şuşada ayın 8-də bizim hərbi hissələr demək olar ki, qalmamışdı və o da ermənilər tərəfdən olan güclü hücumun, atəşin qabağında müqavimət göstərə bilməyəcəyini başa düşüb oranı tərk etməyə məcbur oldu. Şuşa demək olar ki, müqavimətsiz ermənilərə verildi”.

 

X.SƏFƏRLİ

 

Seçilən
2
azpost.info

1Mənbələr