AZ

İcma rəhbərindən hökumətə Qərbi Azərbaycanla bağlı XAHİŞ

Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, 2020-ci ildən bəri bütün illər kimi, 2024-cü il də Azərbaycan üçün bir çox uğurlarla yadda qaldı.

Paralel.az Musavat.com-a istinadən xəbər verir ki, deputat bunları xatırladıb:

“Birincisi, ilk dəfə ölkəmizin bütün suveren ərazilərində keçirilən prezident seçkiləri, ikincisi, ilk dəfə bütün suveren ərazilərimizdə keçirilən parlament seçkiləri, üçüncüsü, Azərbaycanın dünya tarixinə möhür vurduğu COP29. Bunlar elə uğurlardır ki, Azərbaycanın 2024-cü il tarixindən bəhs edib, təkrar olsa da, olmasa da, bu möhtəşəm hadisələri qeyd etməmək mümkün deyil.

Qürurvericidir ki, bu tarixi yazan millətimizdir, dövlətimizdir, Prezidentimizdir. Ona görə də Nazirlər Kabinetinin hesabatına təkcə hökumətin hesabatı kimi baxmaq düzgün deyil, bu, bizim hər birimizin hesabatıdır, hər bir Azərbaycan vətəndaşının hesabatıdır.

Bu hesabat üçün hər birimiz məsuliyyət daşıyırıq. Onun uğurlarında da hər birimizin payı var”.

Əziz Ələkbərli bildirib ki, 2024 Qərbi Azərbaycan İcmasının fəaliyyətində də uğurlu il olaraq tarixə düşüb:

“2024-cü ilin sentyabrında Milli Məclisin rəhbərliyinə ünvanladığımız müraciət öz həllini tapdı və Milli Məclisin sədri, çox hörmətli Sahibə xanım Qafarovanın sərəncamı ilə 13 nəfər Milli Məclis üzvündən ibarət Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldı və fəaliyyətə başladı.

Qərbi Azərbaycan İcması təkcə 2024-cü il ərzində Azərbaycana qarşı ədalətsiz mövqe tutan, Qərbi Azərbaycan həqiqətlərinə, Qərbi Azərbaycan qaçqınlarının doğma ocaqlarına qayıdış hüququna göz yuman ölkə və təşkilatlara ünvanlanmış 128 bəyanatla çıxış edib.

2023-cü ildə biz Qərbi Azərbaycan İcmasının 6 sənədinin BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri kimi yayılmasına nail olmuşduq. 2024-cü ildə Qərbi Azərbaycan İcmasının daha 3 sənədinin BMT-nin həmin qurumlarının rəsmi sənədi kimi yayılmasına nail olduq.

2024-cü ildə Qərbi Azərbaycan İcmasının üzvləri BMT-nin, Avropa Parlamentinin, UNESCO-nun, digər beynəlxalq təşkilatların müxtəlif tədbirlərində iştirak və çıxış edərək İcmanın tələblərini səsləndiriblər. Bütün bunlar təkcə Qərbi Azərbaycan İcmasının deyil, ilk növbədə Azərbaycan dövlətinin, Azərbaycan diplomatiyasının, cənab Prezidentin xarici siyasətinin uğurlarıdır.

2024-cü ildə Qərbi Azərbaycan İcmasının ölkədaxili tədbirlərinin isə sayı-hesabı yoxdur”.

Deputat ardınca deyib:

“Təkcə belə bir faktı xatırladım ki, hər il 5 dekabr deportasiya günündə keçirdiyimiz beynəlxalq konfransda əgər 2023-cü ildə 28 ölkədən 44 nümayəndə iştirak etmişdisə, 2024-cü ildə 51 ölkədən 100-dən artıq nümayəndə iştirak etdi.

Hörmətli həmkarlar, mən Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı məsələləri ona görə xatırlatdım ki, bu gün Qərbi Azərbaycana qayıdış ideyası bizim ümummilli hədəfimizdir.

Bu, soydaşlarımızın beynəlxalq hüquqa söykənən, tarixi-mənəvi haqqıdır, insan hüquqları məsələsidir.

Sevindiricidir ki, Nazirlər Kabinetinin hesabatında bu məsələyə də müəyyən dərəcədə yer verilmişdir. Xüsusilə elm sahəsindən bəhs edilərkən Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarında Qərbi Azərbaycanla bağlı şöbələrin yaradılmasına və gördüyü işlərə ayrıca yer ayrılmışdır. Amma respublikada Qərbi Azərbaycanla bağlı görülən işlər bunlarla bitmir.

2024-cü ildə bizim ali məktəblərimizdə Qərbi Azərbaycanla bağlı yeni araşdırma mərkəzləri açılıb, QHT Agentliyi, Ombudsman Aparatı, müxtəlif dövlət və qeyri-dövlət qurumları tərəfindən çoxlu layihələr həyata keçirilib, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, digər qurumlar konkret işlər görüb. Gələcəkdə Nazirlər Kabinetinin hesabatında bunlara daha geniş yer verilməsini istərdim.

Çünki müzakirə etdiyimiz bu hesabat görülən işlərin adi hesabatı deyil, həm də millətimizin və dövlətimizin 2024-cü il tarixinin salnaməsidir”.

Seçilən
1
4
paralel.az

5Mənbələr