Xəbər verildiyi kimi, martın 12-də Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. Mundialda iştirak edəcək 32 komanda 8 qrupda yarışacaq. Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin qrupdakı rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub. Qeyd edək ki, sayca beşinci minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.
Əməkdar bədən tərbiyəsi və idman xadimi, AFFA-nın Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, son illər Azərbaycan müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi idman ölkəsinə çevrilib: “Ölkəmiz Bakı-2015 I Avropa Oyunlarına, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına, Formula I-ə, UEFA Avropa Liqasının final oyununa, Avropa Gənclər Olimpiya Festivalına və digər mötəbər idman tədbirlərinə ev sahibliyi etməklə bunu dəfələrlə sübut edib. Ölkəmizdə keçirilən hər bir tədbir beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilib. Bu mənada idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatlarının respublikamızda yüksək səviyyədə keçirilməsi artıq adi hal alıb. Ölkəmizdə təşkil olunacaq minifutbol üzrə sayca beşinci dünya çempionatı da fikrimin təsdiqidir”.
Müsahibimiz, həmçinin qeyd etdi ki, bu il Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına da ev sahibliyi edəcək: “Bu gün ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur. Şübhəsiz, bu, ilk növbədə, Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmanın inkişafına göstərdikləri diqqət və qayğının nəticəsidir”.
Həmsöhbətimiz bildirdi ki, belə yarışlar yalnız bir idman yarışı deyil: “Bu tədbirin həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından əhəmiyyətli olacağına əminəm. Şübhəsiz, mindiala gələn qonaqlar ölkəmizin dinamik inkişaf edən iqitsadiyyatı, turizm məkanları, maddi-mədəniyyət nümunələri, milli-mənəvi sərvətləri haqqında da geniş məlumat əldə edə biləcəklər”.
Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu, 1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olmuş Vladislav Qədirov vurğuladı ki, A qrupunun favoriti Azərbaycan yığmasıdır: “Yeri gəlmişkən, bizim minifutbolçularımız 2022-ci idə Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olublar. O zaman dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Avropa çempionları ilə görüşüb. Həmin tədbirdə cənab İlham Əliyev idmançılarımıza demişdi: “Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmısınız, minifutbol üzrə milli komandamız. Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik”.
V. Qədirov, həmçinin vurğuladı ki, hazırda millimizin dünya çempionu olmaq şansı da var: “Azərbaycan Minifutbol Federasiyası da komandanın qarşısına dünya çempionatının finalında oynamaq hədəfi qoyub. Ümid edirəm ki, komandamız azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirəcək və etimadı doğruldacaq. Əlbəttə, belə yüksək uğur əldə etmək çox çətin olacaq. Amma əminəm ki, komandamızın perspektivləri çox gözəldir. Çünki heyətdəki oyunçular bacarıqlı və təcrübəlidirlər. Təbii ki, doğma meydanda oynamaq da bizim xeyirimizədir. Düşünürəm ki, ev sahibi olmaq əlavə üstünlükdür”.
Minifutbol qeyri-peşəkar idman növü olsa da, əhali arasında geniş yayıldığını vurğulayan "Neftçi" futbol klubunun sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim, keçmiş FİFA referisi Tahir Süleymanov minifutbolun ölkəmizdə çox sevildiyini qeyd etdi: “Hətta Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan minifutbolun inkişaf etdiyi ölkədir. 32 ölkənin iştirak edəcəyi dünya çempionatının ölkəmizdə keçirilməsi müsbət məqamdır. Bu həm də ümumilikdə böyük futbolun bir qolu olan minifutbolun Azərbaycanda, bu idman növünün kütləviliyinə zəmin yaradacaq, gənclərin sağlam həyat tərzinin formalaşmasına təkan verəcəkdir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”