AZ

Azərbaycanlı gənc pianoçu London Transport Muzeyində solo konsert verib - FOTO

Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva Londonda yerləşən London Transport Muzeyində möhtəşəm solo konsert proqramı ilə çıxış edib. SİA xəbər verir ki, konsert proqramında müxtəlif ölkələrin bəstəkarlarının klassik-caz üslubda yazılmış əsərləri təqdim edilib. Bu əsərlər caz elementləri ilə klassik musiqi ənənələrinin unikal sintezini əks etdirir. İfaçının repertuarında Corc Gerşvinin məşhur “Rhapsody in Blue”, “The Man I Love”, “I Got Rhythm”, Fazıl Sayın “Jazz Fantasy on Mozart”, Nikolay Kapustinin Etüd No.1, eləcə də Azərbaycan bəstəkarları Qara Qarayevin “Eskiz” və Sevda Məmmədlinin “Azərbaycan naxışları” kimi əsərləri yer alıb.

Vüsalə Babayeva klassik musiqi və cazın harmonik ahəngini dinləyicilərə çatdırmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Ölkəmi London kimi mədəniyyət və incəsənətin mərkəzlərindən biri olan şəhərdə təmsil etmək və musiqimlə insanlara toxunmaq mənim üçün bənzərsiz və unudulmaz bir təcrübədir”,- deyə o bildirib.

Bir-birindən maraqlı və dinamik əsərlər sərgiləyərək müxtəlif obrazlar aləmi yaradan virtuoz pianoçunun daha bir solo konserti tamaşaçıların böyük rəğbəti və gurultulu alqışları ilə sona çatıb.

Qeyd edək ki, Vüsalə Babayeva bir müddət öncə London Transport Muzeyinin Artisti seçilib. O, Londonun ən prestijli ali musiqi məktəblərində təhsil alan və bu layihəyə seçilən 10 gənc musiqiçidən biridir.

Seçilən
25
1
sia.az

3Mənbələr