Tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri davam edir
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Parlamentin plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti müzakirə edilib. Baş nazir Əli Əsədov Milli Məclisdə hesabat təqdim edib. Hesabatda qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün cəmi 5347.2 mln. manat vəsait xərclənilib. Onu da deyək ki, ümumilikdə 2021-2024-cü illərin dövlət büdcəsindən bu məqsədə 17,6 mlrd. manat vəsait yönəldilib və 2025-ci ilin dövlət büdcəsində 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.Hesabat ilinin (2024-cü il) sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin edilib. Baş nazir bildirib ki, ümumilikdə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar: “Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib. 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat. 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”.
2024-cü ildə fəaliyyəti haqqında hesabatda həmçinin qeyd edilib ki, 2023-cü il 19 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə inventarlaşdırma işləri aparılıb. Bu ərazilərdə ümumilikdə 34,6 min yaşayış və 7,8 min qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərək inventarlaşdırılıb. Daşınmaz əmlaklara dair tərtib edilmiş sxemlər və fotoşəkillər Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə (QRGS) daxil edilib. Ötən il işğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi olan Qarabağ Universiteti fəaliyyətə başlayıb. Burada hazırda 6 fakültə, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər (60 nəfər akademik, 85 nəfər inzibati, 15 nəfər texniki heyət) çalışır. İşğaldan azad olunmuş ərazilərdə 2024-cü ildə 6 ümumi təhsil müəssisəsi və 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi və 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb. Ağdam şəhər 1 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik binasında təmir-tikinti işləri yekunlaşıb, son tamamlanma və abadlıq işləri görülməkdədir. Kəlbəcər şəhər tam orta məktəb üçün 960 şagird yerlik binanın tikintisi üzrə işlərin 75 faizi tamamlanıb, Laçın şəhəri 1 nömrəli 400 şagird yerlik tam orta məktəb, Xocalı rayonu, Malıbəyli kənd 432 şagird yerlik tam orta məktəb, Hadrut qəsəbə tam orta məktəb binalarının tikintisinin layihələndirilməsi başa çatıb. 2024-cü il ərzində "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi zamanı Bərdə stansiya binası-yük və sərnişin platforması, piyada keçidi, Köçərli stansiyası-sərnişin platforması, Təzəkənd dayanacağı-sərnişin platforması, 9 ədəd qorunan keçid üzrə xidməti binaların, elektrik təchizatı üzrə dirəklərin basdırılması və hava xəttinin çəkilişi, Bərdə yarımstansiya binasının tikintisi, rabitə-işarəvermə üzrə yolda nəzərdə tutulan bütün çöl avadanlıqları və Bərdə, Köçərli və Təzəkənd stansiyalarında daxili avadanlıqların quraşdırılması, Ağdam Vağzal kompleksində beton konstruksiya işləri, yol işçiləri üçün bina, iri və kiçik ölçülü nəqliyyat vasitələri üçün servis binaları, Ağdam Vağzal kompleksində tarixi kommunikasiya xətlərinin çəkilməsi işləri tamamlanıb. Hesabatda həmçinin qeyd edilib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 2,3 mln. kubmetr torpaq işləri, 8 ədəd körpünün, 2 ədəd alt keçidin, 14 ədəd suötürücü boruların və 629 pm istinad divarlarının tikinti işləri, 2 ədəd dəmir yolu tunellərin qazılması, 1 ədəd tunelin və 1 ədəd qalereyanın dəmir-beton işlərinin tamamlanması, 8,6 km rels-şpal çərçivələrinin, 1,6 km uzunölçülü relslərin və 6 ədəd yoldəyişən qurğunun quraşdırılması işləri tamamlanıb. Tərtər çayının üzərində yerləşən Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun yaradılması işləri davam etdirilib. Bildirilib ki, hesabat ilində işğaldan azad edilmiş ərazilərdə turizmin bərpası və inkişafı üzrə tədbirlər həyata keçirilib, "Xocavənd Turizm İnkişaf Konsepsiyası", habelə Laçın rayonunun Zabuxçay su anbarı ətrafında turizm infrastrukturunun yaradılmasına dair konsepsiya sənədi hazırlanıb.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, nəinki 2024-cü il, son dörd ilin əsas çağırışlarından biri tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramına uyğun olaraq soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin miqyasının olduqca geniş olduğunu vurğulayan İ.Hüseynov qeyd edib ki, azad edilmiş ərazilərdə son dörd ildə görülən işlər bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu təsdiqləməklə yanaşı, böyük qurucu xalq olduğumuzu da nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir:
“2024-cü ildə 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü. Ağdam, Qubadlı, Zəngilan şəhərlərinə qayıdış 2025-ci ildə nəzərdə tutulub. Xatırlayırsınızsa, dövlət başçısı İlham Əliyev hələ ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində 2024-cü il ilə yanaşı, 2025-ci ildə də sakinlərinə qovuşacaq şəhərlərin adlarını açıqlamışdı. İşğaldan azad olunan ərazilərin hər birində müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır. İrimiqyaslı infrastruktur layihələri azad olunan əraziləri regionun ən inkişaf etmiş bölgəsinə çevirməkdədir. Azad olunan ərazilərə qayıdan insanların məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdən biridir. Yaşayış kompleksləri ilə yanaşı, istifadəyə verilən və yeni inşa olunan sosial obyektlər həm də yeni iş yerləridir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. Həyata keçirilən infrastruktur layihələri içərisində yolların yenidən qurulması xüsusi yer tutur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin son məlumatına əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Agentlik tərəfindən icra edilən layihələrin sayı 44, ümumi uzunluğu isə 3040.1 kilometr təşkil edir. Bunlardan 6 avtomobil yolunun tikintisi işləri ötən illərdə başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub”.
Politoloqun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dəmir yol infrastrukturu da bərpa edilir:
“Horadiz-Ağbənd dəmiryolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti işləri davam etdirilir. Bərdə-Ağdam dəmiryolu xəttinin çəkilişi başa çatıb. Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisi həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri arasında hava yolları da müstəsna əhəmiyyət daşıyır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları tikilərək istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları bölgənin əhəmiyyətini artırmaqla yanaşı, gələcəkdə turizm potensialının artmasına da imkan yaradacaq.Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpaolunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Təkcə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzur da ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub. Həmin 550 milyon kilovat-saat enerjinin üçdə biri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb”.