AZ

Mərakeş-Azərbaycan Dostluq Assosiasiyası ilə görüş - Fotolar

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mərakeş Krallığının paytaxtı Rabatda Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, tədbir Mərakeş Krallığının və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

“Dövlətimizin diaspor siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında yeni meyarlarla zənginləşib və xaricdə yaşayan azərbaycanlılarla əlaqələr daha da intensivləşib” - komitə sədri bu sözləri Azərbaycan icması ilə görüşdə səsləndirib.

Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini və Mərakeşdəki icmamızın bu sahəyə töhfələr verdiyini bildirib.

Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Məhəmməd Fakiri görüşün təşkilinə görə komitəyə təşəkkür edib, bundan sonra assosiasiyanın Azərbaycan icması ilə əlaqələrinin daha da dərinləşəcəyinə inamını ifadə edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və diasporun həyata keçirdiyi çoxyönlü layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri və digər vacib istiqamətlər barədə ətraflı məlumat verilib, ölkə başçısının Qarabağda qazanılan qələbə ilə bağlı çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

Vaxtilə Azərbaycanda təhsil alan mərakeşlilər Azərbaycan icması ilə keçirilən görüşü yüksək qiymətləndirib, dövlət-icma əlaqələrinin inkişafına yeni töhfələr verməyə hazır olduqlarını dilə gətiriblər.

Soydaşlarımız xaricdəki icmalarımıza göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş çatdırılması ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Görüşdən sonra komitə Azərbaycanın Mərakeşdəki Səfirliyi ilə birgə iftar süfrəsi təşkil edib.

Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə keçirilən icma görüşlərinin əhatəsini daha da genişləndirib və bu, diaspor fəaliyyətinin inkişafına əvəzsiz töhfələr verib.









Seçilən
13
7
qafqazinfo.az

8Mənbələr