Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman “Bayern”in 30 yaşlı yarımmüdafiəçisi Leon Qoretskanı qiymətləndirib.
Arena.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Hesab edirəm ki, hazırda Leon idman nöqteyi-nəzərindən yaxşı kəsimdədir. O, gözəl mövsüm keçirir. Fikrimcə, bir çox digər cəhətlərdə də o, ustalığını həmçinin yaxşıca artırıb”, deyə Nagelsman vurğulayıb.
Xatırladaq ki, Leon Qoretska “Bayern”ə 2018-ci ilin iyul ayında “Şalke”dən azad agent qismində keçib. Yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2024/2025-ci illər mövsümündə Leon münhenlilərin heyətində 31 oyuna çıxıb. O, bu oyunlarda 5 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Qoretskanın “Bayern”dəki ümumi karyerası isə 252 oyun, 45 qol və 47 məhsuldar ötürmədən ibarətdir.
Almaniyalı futbolçu “Bayern”dən öncə “Şalke” və “Boxum” klublarının da uğurları üçün çalışıb.
Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 57 oyun keçirib, 14 qol vurub, 11 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Leon Qoretskanı 22 milyon avro məbləğində qiymətləndirir.