AZ

Paşinyan niyə Makrona yox, Putinə zəng etdi? - "Hiyləgər gedişdir..."

"Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətni ilə bağlı əldə edilən razılaşma barədə əvvəlcə yaxın dostu Fransa Prezidenti Emmanuel Makronu deyil, ara-sıra tənqid etdiyi ölkənin – Rusiyanın Prezidenti Vladimir Putini telefonla məlumatlandırmağa qərar verib. Bu, hiyləgər gedişdir".

"AzPolitika" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində yazıb.

Ekspert bir neçə səbəb göstərir:

"Birincisi, Paşinyan Rusiyanın Ukrayna müharibəsindən sonrakı planlarından narahatdır. Ona görə də o Putinlə münasibətləri istiləşdirməyə çalışır. Ermənistanın Baş nazirinin Rusiya Prezidentinin dəvətini qəbul edərək mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirakını təsdiq etməsi də bununla bağlıdır.

İkincisi, Nikol Paşinyan telefon zəngi məsələsində Azərbaycan Prezidenti İlham Əliyevi qabaqlamaq istəyib. Məsələ burasındadır ki, Azərbaycanın sərnişin təyyarəsi qəzasıyla bağlı Moskva Bakının istəklərini hələ yerinə yetirməyib. Belə olan halda İlham Əliyevin rusiyalı həmkarına zəng edib Kreml sahibini İrəvanla əldə edilən razılaşma barədə məlumatlandırması problematikdir. Ancaq bu zənglər Paşinyana xüsusi üstünlük qazandırmır".

E.Şahinoğlu deyir ki, sülh sazişinin imzalanması birinci növbədə Paşinyana lazımdır: "Çünki Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlaya bilsin. Ancaq onun atacağı daha iki addım var. O Konstitusiyada zəruri dəyişiklik etməli və Zəngəzur dəhlizinin açılmasını ləngitməməlidir".

"AzPolitika.info"

Seçilən
37
6
azpolitika.info

9Mənbələr