AZ

Azərbaycan İnvestisiya Şirkətinin davamlı inkişafa töhfəsi yüksəlir

İndiyədək müxtəlif layihələrə 1,7 milyard manat yatırım qoyulub

Xarici investisiyaların cəlb olunması məqsədilə son beş ildə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) vəsaitlərinin yatırıldığı layihələrin ümumi dəyəri 1,7 milyard manata yüksəlib. Bu məbləğin 292 milyon manatı adıçəkilən şirkətə məxsus investisiya vəsaiti olub. Bundan başqa, 476 milyon manat məbləğində birbaşa xarici investisiya da cəlb edilib.

İqtisadiyyat Nazirliyinin bu barədə məlumatına əsasən, AİŞ-in yatırdığı hər 1 manata görə beynəlxalq və yerli investorlardan, eləcə də maliyyə institutlarından 6,5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bu nisbət AİŞ-in yatırdığı hər 1 manata 1,62 manat olub. Cəlb edilmiş investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib.

Bildirilir ki, lisenziyalar və icazələrin alınması sahibkarlıq fəaliyyəti üçün əsas şərtlərdəndir. Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazirliyi (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) sahibkarlara lisenziyaların “ASAN xidmət” mərkəzləri və “KOB evləri” vasitəsilə verilməsini davam etdirir. Nazirlik, eyni zamanda, lisenziya və icazələri elektron qaydada “Lisenziyalar və icazələr” portalı vasitəsilə verir.

Yeri gəlmişkən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 30-a, icazələrin sayı 330-dan 85-ə endirilib, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunub. Yeni lisenziyaların isə müddətsiz verilməsinə başlanılıb. Lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği, təxminən, 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılıb, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib. Nazirlik tərəfindən 2 noyabr 2015-ci il tarixindən 31 dekabr 2024-cü il tarixinə kimi 17 mindən çox (o cümlədən 2024-cü il ərzində 2 mindən çox) lisenziya verilib.

Hazırda İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 270 xidmət göstərilir ki, onların 73 faizi (196 xidmət) elektronlaşdırılıb. Nazirlik tərəfindən göstərilən xidmətlərə 2024-cü il ərzində 20 milyondan artıq müraciət qeydə alınıb.

Sahibkarlıq mühitinin inkişafı üçün xarici tərəfdaşlarla reallaşdırılan birgə layihələr və dost ölkələrlə yaradılan müştərək fondlar da mühüm önəm daşıyır. Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılan birgə investisiya fondları isə ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığını genişləndirir.

 

Seçilən
11
xalqqazeti.az

1Mənbələr