AZ

“Xəmsə”yə məxsus obyektlər bağlandı - VİDEO

Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Xəmsə” şadlıq evi kompleksinə məxsus “VIP” və “Avropa zalı” adlı obyektlərdə keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğunu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığını müəyyən edib.

Belə ki:

- obyektlərin təxliyə yolları yanar materialdan olan üzlüklərlə bəzədilib;

- yanğın avtomatika qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmayıb;

- obyektlərin şəxsi heyəti yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb;

- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- dəhlizlərdə, pilləkan qəfəslərində, vestibül və hollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkilib;

- təxliyə yollarında qəza işıqları quraşdırılmayıb;

- elektrik qurğularının müayinəsinin nəticələri, aşkar edilən nasazlıqlar və görülən tədbirlər operativ jurnalda qeydə alınmayıb;

- təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;

- obyektlərin ərazisi təmiz saxlanılmayıb;

- obyektlərin əsaslı təmiri və yenidən qurulması zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkarlanan həmin obyektlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.

Seçilən
6
2
unikal.az

2Mənbələr