AZ

Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya üçün yeni texnologiyalar” mövzusunda panel müzakirəsi keçirilir

XII Qlobal Bakı Forumu çərçivəsində "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsi keçirilir.

Olaylar.az xəbər verir ki, panel müzakirəsində çıxış edən "Multilateral AI" şirkətinin təsisçisi və direktoru Sem Dos bildirib ki, Süni intellektin (Sİ) nizamlanmasının müasir mexanizmləri onun sürətli inkişafı ilə ayaqlaşa bilmir ki, bu da parçalanma və milli nəzarətin güclənməsi riskləri yaradır.

Onun sözlərinə görə, süni intellektin, o cümlədən açıq modellərin və multimodal agentlərin ildırımsürətli inkişafı, eyni zamanda onların kvant texnologiyaları ilə mümkün inteqrasiyası nizamlama sahəsində təcili həllər tələb edir. Lakin beynəlxalq idarəçilik hələ ki, texnoloji tərəqqinin inkişaf templərindən geridə qalır.

"2025-ci ildə biz "Süni intellektin suverenliyi" konsepsiyasına doğru irəliləyirik. Belə ki, dövlətlər aparat təminatı, modellər və məlumatlar üzərində nəzarəti gücləndirəcək, həmçinin süni intellekti milli təhlükəsizlik sektoruna da inteqrasiya etdirəcək. Qlobal nizamlama bu dəyişikliklərə uğyunlaşmalıdır.", -deyə Sem Dos bildirib.

O eyni zamanda süni intellektin nizamlanması məsələsinə olan yanaşmadakı pərakəndəlikdən söz açıb. Avropa İttifaqı, Avropa Şurası və Çin artıq artıq təfsilatlı normalar hazırlayıblar, digər yandan Cənub-Şərqi Asiya Ölkələri Assosasiyası, Afrika İttifaqı, Latın Amerikası və Ərəb Liqası ölkələri öz təşəbbüslərini irəli sürməyə başlayıblar. Bu arada nizamlama prosesinə artıq BRİKS+ və Şanxay Əməkdaşlıq Təşkilatı da qoşulub.

"Süni intellektin nizamlanmasına marağın artmasına baxmayaraq, həllsiz qalan bir sıra məsələlər qalmaqdadır və bir sıra beynəlxalq təşəbbüslərin taleyi hələ ki, aydın deyil", - deyə o əlavə edib.

Öz növbəsində, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş direktorunun müavini Tomas Lamanauskas qeyd edib ki, süni intellekt müəyyən risklər daşıyır, buna görə də, onun istifadəsində balans tapmaq vacibdir.

Süni intellektin tətbiq potensialı həqiqətən böyükdür. Eyni zamanda, hər bir texnologiya kimi, süni intellekt də risklər və çətinliklər yaradır. Burada əsas məsələ elə bir balans tapmaqdır ki, imkanlar risklərdən üstün olsun. Biz elə bir dünyada yaşayırıq ki, burada dezinformasiya və "deepfake" texnologiyaları ictimai diskussiyalara və real mənzərənin öyrənilməsinə təhdid yaradır. Buna diqqət ayırmaq vacibdir", - deyə o bildirib.

Onun sözlərinə görə, süni intellekt sistemlərində məlumatın keyfiyyəti böyük önəm kəsb edir.

"Süni intellekt sistemlərində qərəzlilik mövcuddur. Araşdırmalara əsasən, bu cür sistemlərin 45%-i genderə əsaslanan qərəz nümayiş etdirir, 35%-i isə eyni anda həm gender, həm də irqi qərəzə malikdir. Bu isə, məsələn, işə qəbul zamanı namizədlərin seçiminə təsir edir, burada qərar insanın cinsi və ya irqindən asılı ola bilər ki, bu da ciddi risklər yaradır.

Bu, həm də süni intellekt sistemlərinin kim tərəfindən hazırlanması ilə bağlıdır. Hazırda süni intellekt sahəsində çalışan qadınlar cəmi 30% təşkil edir, mühəndislik üzrə doktorluq dərəcəsinə sahib mütəxəssislər arasında isə qadınların payı 20%-dən də azdır. Əgər qadınlar süni intellektin inkişafında iştirak etməsələr, bu rsklər qaçılmaz olaraq artacaq",- deyə T. Lamanauskas vurğulayıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr