1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin məşhur "Deha" serialının çəkilişləri zamanı bədbəxt hadisə baş verib. Belə ki, baş rol ifaçısı Aras Bulut İynemlinin ayağı burxulub və topuqdan sınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Türkiye Gazetesi" xəbər yayıb.
Bildirilir ki, xəstəxanaya yerləşdirilən aktyor müayinə edildikdən sonra təcili əməliyyat olunub.
"Əməliyyat uğurla keçib. İynemli hazırda istirahətdədir və ən qısa zamanda serialın çəkilişlərinə qayıtmağı gözləyir", - xəbərdə deyilir.
Aktyorun sağlamlıq vəziyyəti ilə bağlı əlavə məlumatlar verilməyib.
Qeyd edək ki, 33 yaşlı Aras Bulut İynemli Türkiyədə son illərin ən populyar aktyorlarından biridir. O, "Çukur", "Muhteşem Yüzyıl: Kösem", "Maral: En Güzel Hikayem" kimi məşhur seriallarda rol alıb. Hazırda isə rejissorluğunu Umut Aralın həyata keçirdiyi, ssenarisini Damla Serimin yazdığı "Deha" serialında "Ozan" obrazını canlandırır.