AZ

Pakistanın Baş naziri dünya birliyini dini dözümsüzlüyə və islamofobiyaya qarşı konkret tədbirlər görməyə çağırıb

Pakistanın Baş naziri Şahbaz Şərif dünya birliyini dini dözümsüzlüyə və islamofobiyaya qarşı konkret tədbirlər görməyə çağırıb, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisinin tezliklə təyin olunacağına ümid edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bunu martın 15-də qeyd olunan İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə bildirib.

Ş.Şərif xatırladıb ki, üç il əvvəl BMT Baş Assambleyası müsəlman icmalarına, onların dini rəmzlərinə və ibadət yerlərinə qarşı qərəzli münasibətin, nifrətin və hücumların artması fonunda belə bir günün təsis edilməsi barədə qərar qəbul edib.
"Bu gün təkcə bütün dünyada müsəlmanların üzləşdiyi çağırışların miqyasını xatırlatmır, həm də beynəlxalq ictimaiyyətin kollektiv iradəsini əks etdirən fəaliyyətə çağırışdır", - Baş nazir qeyd edib.

Ş.Şərif hesab edir ki, müqəddəs rəmzlərin təhqir edilməsinə söz azadlığı ilə haqq qazandırmaq olmaz. O, qlobal sülh və harmoniyanın təmin edilməsi üçün bütün dinlərə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Pakistanın Baş naziri dünya liderlərini və hüquq müdafiə təşkilatlarını islamofobiyaya qarşı mübarizəni gücləndirməyə, məscidlərə hücumların və dini dözümsüzlük aktlarının qarşısını almağa çağırıb. Bununla əlaqədar olaraq Ş.Şərif islamofobiyaya qarşı mübarizə üzrə BMT-nin xüsusi elçisinin tezliklə təyin ediləcəyinə ümid ifadə edib.
"Bu gün (15 mart) təkcə islamofobiyaya qarşı mübarizəyə deyil, həm də mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş qlobal birliyin katalizatoru olmalıdır", - baş nazir vurğulayıb.

Seçilən
2
1
operativmm.az

2Mənbələr