Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə əsasən qlobal siyasət, regional təhlükəsizlik və Azərbaycanın xarici siyasət prioritetləri ilə bağlı vacib məsələlərə toxunulub. Onun çıxışını beynəlxalq münasibətlər və geosiyasət kontekstində təhlil etsək, bir neçə əsas məqam üzərində dayanmaq olar. Prezident İlham lham Əliyevin Forumun beynəlxalq məsələlərin müzakirəsində mühüm rol oynadığını vurğulaması, Azərbaycanın qlobal dialoq platforması kimi mövqelərini gücləndirmək istəyindən irəli gəlir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan, xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində geosiyasi əhəmiyyətini artırmağa çalışır və bu baxımdan, Qlobal Forum, müxtəlif siyasi liderlərin, ekspertlərin və beynəlxalq təşkilatların fikir mübadiləsi aparmasına imkan yaradır ki, bu da ölkənin diplomatik təsir imkanlarını genişləndirir.
Azərbaycan Prezidenti açıq şəkildə bildirir ki, mövcud dünya nizamı artıq keçmişdə qalıb və beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. O, Azərbaycanın bu vəziyyəti nəzərə alaraq, öz daxili resurslarına əsaslanmaqla suverenliyini qoruduğunu qeyd edir. Bu, realist yanaşmanın göstəricisidir və beynəlxalq münasibətlərdə güc balansının dəyişməsinə işarə edir. BMT və digər qlobal institutların səmərəliliyi getdikcə daha çox müzakirə olunur. Bu da artıq yeni çoxqütblü nizamın formalaşdığını göstərir.
Müsahibədə diqqətçəkən məqamlardan biri də bəzi beynəlxalq təşkilatların funksionallığını itirməsi və ya zəifləməsidir. Xüsusilə BMT və ATƏT kimi qurumların effektivliyinin azalması, ölkələrin ikitərəfli əməkdaşlığa daha çox üstünlük verməsinə gətirib çıxarır. Azərbaycan da bu reallıqdan çıxış edərək, regional və qlobal səviyyədə ikitərəfli münasibətləri gücləndirmək strategiyasını önə çəkir.
Azərbaycan Prezidenti müsahibəsində ölkəmizin milli maraqlarını qorumaq üçün heç bir beynəlxalq təsisata və ya dövlətə güvənmədiyini bildirir. O, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda hər bir ölkənin öz gələcəyini müstəqil şəkildə müəyyən etməli olduğunu vurğulayır. Bu, Azərbaycanın beynəlxalq arenada daha çox öz gücünə arxalanan siyasət yürütmək istədiyini və xarici təsirlərdən maksimum uzaq durmağa çalışdığını göstərir.
Prezident İlham Əliyev qlobal siyasi dəyişikliklərin hələ başlanğıc mərhələsində olduğunu və ABŞ-da administrasiyanın dəyişməsinin dünya siyasətinə ciddi təsir göstərəcəyini qeyd edir. Bu, Azərbaycanın Qərb dövlətləri, xüsusilə ABŞ ilə münasibətləri yeni kontekstdə qurmaq istədiyini göstərir. Tramp administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərinin daha müsbət olduğunu vurğulaması, ölkənin bu istiqamətdə yeni diplomatik imkanları dəyərləndirdiyinə işarə edir.
Prezident İlham Əliyevin müsahibəsi, Azərbaycanın beynəlxalq münasibətlərə yanaşmasının realist və praqmatik olduğunu təsdiqləyir. Azərbaycan post-müharibə dövründə öz müstəqil siyasətini qurmağa çalışır və regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirmək niyyətindədir. Dünya siyasətindəki qeyri-müəyyənlik fonunda Bakı Forumunun Azərbaycanın strateji mesajlarını vermək üçün mühüm platforma rolunu oynadığı açıq şəkildə görünür.
Bu yanaşma, Azərbaycanın yalnız regional deyil, həm də qlobal miqyasda daha fəal və müstəqil siyasət yürütməkdə qərarlı olduğunu göstərir. Geosiyasi transformasiyalar davam etdikcə, ölkənin bu prosesdə necə mövqe tutacağı gələcəyə hesablanmış, rəsmi Bakıya geniş manev imkanları verən diplomatik və iqtisadi strategiyalarından asılı olacaq.
Azər Kərimli
Milli Məclisin deputatı