
““Telegram” messencerinin yaradıcısı Pavel Durov mütəşəkkil cinayətkarlıqla bağlı cinayətlərdə ittiham olunduğu Fransanı martın 15-i səhər saatlarında tərk edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi Durovun səlahiyyətlilərin icazəsi ilə getdiyini bildirib. Başqa bir mənbə bildirib ki, istintaq hakimi iş adamına bir neçə həftəliyə Fransanı tərk etməyə icazə verib. Agentliyə işə yaxın mənbə bildirib ki, hakim Durovun saxlanma şəraitinin dəyişdirilməsi ilə bağlı vəsatətini bir neçə gün əvvəl təmin edib.
Nəşrə adı açıqlanmayan başqa bir mənbə bildirib ki, Durov Dubaya gedib.
“Telegram” nümayəndəsi şərh verməkdən imtina edərək, şirkətin daha sonra açıqlama verəcəyini bildirib.
Durovun getməsi xəbərləri fonunda “Toncoin” kriptovalyutasının dəyəri 10%-dən çox artıb.
Xatırladaq ki, Pavel Durov ona qarşı aparılan istintaqla bağlı məhkəmə nəzarəti altında Fransada yaşayıb. Fransada Durov narkotik vasitələrin və uşaq pornoqrafiyasının yayılmasında şərik olmaqda, habelə hakimiyyət orqanlarının sorğularına cavab olaraq məlumat verməkdən imtina etməkdə ittiham olunur.