14 mart 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Daun sindromlu uşaqlar üçün təşkil etdiyi yaz düşərgəsinin bağlanış mərasimi keçirilib.
Komitədən “İki sahil”ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Komitənin sədr müavini Aynur Sofiyeva, iştirakçıları salamlayıb. Sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin olunması, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixo-sosial dəstəyin göstərilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq təşkil edilən yaz düşərgəsinin uğurla yekunlaşdığını bildirib.
A. Sofiyeva, dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birinin sağlamlıq imkanları məhdud uşaqlara, onların ailələrinə diqqət və qayğı olduğunu qeyd edərək, Komitənin bu məsələləri daim diqqətdə saxladığını, belə layihələrin gələcəkdə daha genişmiqyaslı keçiriləcəyini vurğulayıb.
Daha sonra düşərgə müddətində yaddaqalan anları, valideynlərin və uşaqların təəssüratlarını əks etdirən video-çarx nümayiş olunub. Davamında “balaca günəşlər” hazırladıqları rəqsləri nümayiş etdiriblər.
Yekunda uşaqlara hədiyyələr paylanılıb.
Qeyd edək ki, 5 mart tarixindən başlayan düşərgəyə 25 uşaq valideyni ilə qatılıb. Düşərgədə hər gün psixoloq, sosial işçi və təlimçilər tərəfindən inkişafetdirici təlimlər, interaktiv oyunlar, eləcə də art-terapiya, idman məşğələləri, rəqs dərsləri, iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncə proqramları, maraqlı ekskursiyalar təşkil olunub.