"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"a qarşı 26-cı tur matçında futbolçular arasında yaşanan mübahuisəyə görə verilən cəzalara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 52 yaşlı mütəxəssis futbolun mübarizə oyunu olduğunu qeyd edib, mövzusunun böyüdülməsindən gileylənib.
"Bu məsələ ilə bağlı çox yazıldı. Hakimlərin qərarlarına qarşı çıxmaq istəmirəm. Amma niyə verdilər? Həmin epizoddan əvvəl rəqibin oyunçusu eyni şeyi etmişdi. Belə şeylər futbolu sevdirir, aqressiyanı artırır. Futbol mübarizə oyunudur. O qədər derbilərə baxmışıq. Baxın görək orada etiraz edən oyunçulara qırmızı verilib? Musa oğlum olduğu üçün bu barədə çox danışmaq istəmirəm. Niyə cəza verilməlidir? Mövzunu elə qabartdılar ki".
Qurban Qurbanov İspaniyanın "Atletiko" komandasından və baş məşqçisi Dieqo Simeonenin aqressivliyindən misal çəkib:
"Qarabağ"ın oyunçularına niyə qırmızı vermirlər" deyirlər. Verirlər axı. Bu mövzu bir həftə müzakirə olundu. Nə var idi orada? Futbolda bu gün olanlardan danışmaq lazımdır. Tempə baxsaq, görərik ki, 15 dəqiqə oyun getdi. Sanki "Araz-Naxçıvan" futbolçularını döymüşük. Bütün kanallarda hər gün bu məsələ müzakirə olundu. Kamal Umudlu həmin epizodu çox düzgün idarə etdi. Onda hakimləri də cəzalandırsınlar. Belə bəsit şeylər etmək olmaz. O qədər olub ki, futbolçularımı bilərəkdən oyuna buraxmamışam. Çünki, rəqiblər onların ayaqlarını sındırmaq istəyirdilər. Biz hər qərara hörmətlə yanaşmışıq. Amma bəzən fikirlərimizi bildirməliyik. Bu məsələ çox böyüdü deyə epizodlara yenidən baxmalı oldum. Elə danışırlar ki, sanki hər şeyi edən bizik. "Atletiko"ya baxın. Onda gərək hər oyun Simeoneyə də, komandasına da qırmızı vərəqə versinlər".