Bu il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı pilot layihənin icrasına başlanılacaq.
Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata əsasən, layihənin beynəlxalq normalara uyğun dövlət-özəl tərəfdaşlığı kontekstində icrası məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilib və potensial investorlar müəyyənləşdirilib. Layihənin həyata keçirilməsi üçün 29,6 hektar torpaq sahəsi ayrılıb.
Ötən il fevralın 8-də keçirilən müsabiqə nəticəsində İqtisadiyyat Nazirliyinə iddiaçı şirkətlər (“ACWA Power”, “Metito Utilities Limited”, “IDE Water Assets Ltd.”) tərəfindən təkliflər təqdim edilib. Həmin şirkətlərin və aidiyyəti dövlət qurumlarının iştirakı ilə noyabrın 4-də təkliflər paketi açılıb, müvafiq prosedurlara uyğun qeydiyyata alınaraq qiymətləndirmə prosesine başlanılıb.
Prezident İlham Əliyevin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” 12 aprel 2023-cü il tarixli sərəncamına əsaslanılaraq İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə aidiyyəti qurumların səlahiyyətli nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.