Energetika Nazirliyindən XQ-yə verilən məlumata əsasən, cari ilin yanvar–fevral aylarında respublikada elektrik enerjisi istehsalı 3,8 faiz artaraq 4 milyard 865 milyon kilovat-saat olub.
Həmin müddətdə istilik elektrik stansiyalarında (İES-lərdə) 4 milyard 354 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES-lərdə) 412 milyon kilovat-saat, digər mənbələr üzrə isə 99 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında (KES-lərdə) 9 milyon kilovat-saat, günəş elektrik stansiyalarında (GES-lərdə) 55 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 38 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə su və günəş elektrik stansiyalarının enerji istehsalında 141 milyon kilovat-saat artım qeydə alınıb.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 4 milyard 354 milyon kilovat-saat (İES-lərdə 3 milyard 956 milyon kilovat-saat, SES-lərdə 398 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 61,3 milyon kilovat-saat (İES-lərdə 41,4 milyon kilovat-saat, SES-lərdə 12,3 milyon kilovat-saat, GES-də 7,6 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4,1 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 446 milyon kilovat-saat təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 36 faiz artaraq 301,5 milyon kilovat-saat, idxalı isə 40 faiz azalaraq 19,5 milyon kilovat-saat olub.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 374 milyon kilovat-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 146,1 milyon kilovat-saat, idxalı isə 8,4 milyon kilovat-saat təşkil edib.