Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın bədxahlarına mesajdır
Bu postulatı Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: Azərbaycanın xarici siyasəti onun daxili siyasətinin məntiqi davamıdır. Beynəlxalq arenada sabit mövqeyə malik, qlobal əməkdaşlıq platformalarında aktual ideya və çağırışların təşəbbüsçüsü kimi tanınan Azərbaycanın qazandığı nüfuzun kökündə məhz düşünülmüş və məqsədyönlü siyasət dayanır.
Prezident İlham Əliyev bütün çıxışlarında bu amili önə çəkir ki, ölkəmizdə sabitliyin, davamlı inkişafın əsas təminatçısı xalq–hakimiyyət birliyidir. Bu tezis tanınmış siyasətçilər, ekspertlər tərəfindən də etiraf olunur. Xalq–hakimiyyət birliyinin möhkəm olduğu, islahatların, təşəbbüslərin dəstəkləndiyi ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz.
Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir. Daxili siyasətin uğurları beynəlxalq səviyyədə reytinqin müəyyənləşməsində stimulverici amildir. İlham Əliyev məhz bu uğurlara söykənərək bildirir: “Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq. Qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq”.
* * *
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində rəsmi Bakının geosiyasi baxımdan ümumi xəttini konkret və lakonik şəkildə dilə gətirib. Həm regiondakı vəziyyəti əks etdirmək, həm də qlobal gündəm baxımından Azərbaycan liderinin milli müstəqilliyin qorunması, tarixi ədalətin bərpası ilə bağlı dedikləri daha çox xarici auditoriyaya ünvanlanan mesajlardır. Əslində, bu, hər bir dövlətin daha çox ehtiyac duyduğu reallıqlardır. Bu mənada, İlham Əliyevin dedikləri burada və indi öz ölkələrinin maraqlarını müdafiə etməyə çalışanlar üçün, belə deyə bilərik ki, polifonik formata malikdir. Maraqlı məqam odur ki, Azərbaycan Prezidentinin qlobal problemlərlə bağlı konkret mövqe bildirməsi onun hansı auditoriyada və hansı dildə danışmasından asılı deyil. Onun dilindən hər şey şəffaf, dəqiq, aydın və ən əsası, səmimi səslənir. Bunu dövlət başçısının “Euronews”a müsahibəsində bir daha gördük.
Dünya media məkanında populyarlardan biri sayılan telejurnalistin Bakıda keçirilən forumu planetar ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirməsini İlham Əliyev suala verdiyi ilk cavabı ilə təsdiqləyib. Bakı Forumunun diskussiya xarakteri daşıdığını vurğulayan dövlət başçımız bunu beynəlxalq vəziyyətin “kəskin dəyişməsi” ilə əsaslandırıb. Ölkə Prezidenti tədbir iştirakçılarının “çoxsaylı fikirlərinin” olduğunu bildirərək, onların fərqliliyindən məmnunluğunu dilə gətirib. O, XII Qlobal Bakı Forumunu sələfləri kimi “beynəlxalq problemlərə yeni yanaşmaların inkişafında mühüm rol oynayacaq” ciddi platforma kimi dəyərləndirib.
* * *
Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi şərhçi Tofiq Abbasov hazırda dünyada cərəyan edən hadisələrin fonunda qlobalistlərlə ultraqlobalistlərin həm öz aralarında, həm də dünya uğrunda gərgin mübarizəsinin müşahidə olunduğuna diqqət çəkdi: “Bu qüvvələrin istəyi ondan ibarətdir ki, dövlətlərin və xalqların milli maraqlarını zəiflətsinlər. Prezident İlham Əliyevin ötən il Prezident kimi andiçmə mərasimində və yeni parlamentin qarşısındakı çıxışlarında xalqın milli maraqlarının, o cümlədən gənclərin milli-mənəvi dəyərlərə sadiqliyinin ən ümdə məsələlər olduğunu vurğulaması heç də təsadüfi deyildi. Bəli, bu tezis hamımıza bir xatırlatma olmaqla yanaşı, ayıq olmağa çağırışdır. Çünki, dünyada bəzi qüvvələr aşkar şəkildə ayrı-ayrı toplumların azad və firəvan yaşamasını qəbul edə bilmir, onları tutduqları yoldan döndərməyə çalışırlar. Ona görə ultraqlobalistlər xüsusilə bildirirlər ki, – bir çox hallarda qlobalistlər də onlarla razılaşırlar – dövlətlər özlərinin ilkin mahiyyətini itirib, onlar xalqlar üzərində idarəetmə funksiyalarını zəiflətməlidirlər. Yəni, onların düşüncəsinə görə, insanlar, bir növ, biokütləyə çevrilməlidirlər. Bu qüvvələrin baxışı, konkret olaraq, bundan ibarətdir.
Əslində, qlobalistlər ən ali məqamda insan cəmiyyətini iki kateqoriyaya bölmək istəyirlər. Biri elit bölgə, digəri isə ikinci dərəcəli toplum – biokütlə olmalıdır. Məhz buna görə cənab Prezidentin çıxışlarında bu fikirlər həmişə dominantlıq təşkil edir ki, Azərbaycan cəmiyyətinin düşünən kəsimi, siyasi elitamız dövlətin və xalqın maraqlarının müdafiəsində gərək yekdil olsunlar, həmahəng fəaliyyət göstərsinlər. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini ona görə tam bərpa etməyib ki, kimlərsə yuxarıdan boylanıb, bizə yol göstərsinlər, eləcə də aldadaraq yanlış istiqamətə sövq etsinlər. Xeyr, bu, baş tutmayacaq. Bizim yolumuz aydın, hədəflərimiz bəllidir. İnkişaf paradiqmalarımız da müəyyən edilib. Bunların hamısı millətimizin maraqlarının reallaşmasına köklənən məsələlərdir.
Azərbaycan Prezidentinin bu proseslərlə bağlı çıxışları həmişə aktuallığı ilə seçilir. Sadəcə, istər şəhərdə, istər əyalətdə, istərsə də Azərbaycandan kənardakı vətəndaşlarımız, insanlarımız üçün dövlətimizin və xalqımızın milli maraqları hər şeydən üstün olmalıdır. Milli evimiz olan Azərbaycanı birlikdə qurmalı və gücləndirməli, istənilən xarakterli təhdid və çağırışlara cavab verməyə hazır olmalıyıq”.
İlham Əliyev müsahibəsində diqqəti planetin “yeni qayda və normaların işlənib hazırlanması mərhələsində” olduğuna çəkərək “köhnə dünya nizamı artıq mövcud deyil” – dedi. Yəni, reallıq ondan ibarətdir ki, hazırkı mərhələdə “beynəlxalq ictimaiyyətin qarşılıqlı fəaliyyətinin yeni forması”na aydın və birmənalı baxış yoxdur. Hər bir dövlət “öz daxili imkanlarına” daha çox diqqət yetirir və bu zaman “kənardan hansısa yardıma, yaxud beynəlxalq hüquqa bel bağlamır”.
Bu, üç onillik ərzində Azərbaycanın üzləşdiyi reallıq, heç vaxt unutmayacaqı acı təcrübədir. İlham Əliyev “beynəlxalq hüququn selektiv yanaşmasından əziyyət çəkən” Azərbaycanla yanaşı, “gələcəyini öz resursları üzərində qurmağı” bacarmış Azərbaycanı da misal göstərdi: “Biz güclü, müstəqil iqtisadiyyat qurmuşuq və heç kimdən asılı deyilik”.
Bəli, iqtisadi müstəqilliyin özü beynəlxalq aləmdə böyük imkanlar yaratmış, Azərbaycana şərəf və ləyaqətlə müstəqil xarici siyasət aparmağa imkan vermişdir. İlham Əliyev “Euronews” telekanalına müsahibəsində “Bizim dünya düzənini necə başa düşməyimizin tamamilə düzgün olduğunu” qeyd edərək fikirlərini “Biz bunu necə etdik və edəcəyik” – deyə yekunlaşdırdı. Xoşbəxtlikdən Bakı milli maraqlarımızla bağlı heç bir quruma və heç kimə arxalanmadı.
* * *
“Əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək. Bizim təcrübəmiz uğurlu olmuş və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq”.
Tezisin konkret, qısa və aydınlığına diqqət yetirdinizmi? Bunu dövlət başçımız Azərbaycanın üzləşdiyi ədalətsizliyə və acı təcrübəyə söykənərək, dilə gətirdi. Həm də dünyaya, bizi sevməyənlərə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təkbaşına bərpa etmək aspektində nə qədər uğurlu olduğunu bəyan etdi. Bu, milli maraqlara arxalanan liderin gələcəyə əminliyinin parlaq ifadəsi idi.
“Euronews” telekanalına müsahibəsində dünyada münaqişələrin sayının geniş vüsət almasına diqqət çəkən İ.Əliyev bundan narahatlığını bildirdi: “Əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.
Telejurnalistin geosiyasi arenada baş verən yeniliklərlə bağlı son sualını cavablandıran İlham Əliyev Vaşinqtonda baş verənlər, Ağ evin yeni administrasiyasının siyasəti ilə bağlı bunları söylədi: “Bu, bir daha bütün dünyanın Ağ evdə qəbul edilən qərarlardan asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq”.
İlham Əliyev ardınca milli maraqlarımıza ədalətsiz yanaşma səbəbindən ABŞ-ın əvvəlki administrasiyası ilə Azərbaycan arasında münasibətlərin korlanmasına toxundu: “Onların mövqeyi ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp Administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.
Azərbaycan lideri davam edən XII Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha vurğulayaraq, bu cür forumların “düzgün qiymətləndirmə, fikir mübadiləsi, problemlərin müzakirəsi və gözləntilər üçün vacib” olduğunu bildirdi. O, forum çərçivəsində “təşəbbüskarlarla” yanaşı, baş verənlərdən “məyus olan” iştirakçılardan da danışdı: “Qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək”.
Dünən öz işinin yekunlaşdıran XII Qlobal Bakı Forumu çərçivəsinda baş verən ən yaddaqqalan məqamlardan biri kimi Prezidenti İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibəsini göstərə bilərik. Beynəlxalq miqyasda baş verən qlobal dəyişikliklərə konseptual yanaşması ilə seçilən bu müsahibədə dövlət başçımız dünyaya yeni mesajlarını çatdırmış oldu. Həmin mesajların leytmotivini Azərbaycan və onun milli maraqları təşkil edirdi – desək, səhvə yol vermərik. Bu dəyişməz siyasi xəttin bünövrəsi 1993-cü ildə – Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra qoyulub. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyasının təməlində məhz milli və dövlət maraqlarının vəhdəti durur. Azərbaycanda bu iki dəyərin bir-birini tamamlaması, üst-üstə düşməsi təsadüfi deyil. “Euronews”a müsahibədə milli maraqlarımızın daim üstün tutulacağının vurğulanması həmin sağlam siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsinin təzahürüdür.
İmran BƏDİRXANLI
XQ