AZ

Azərbaycan cazının dünya fatehi

Vaqif Mustafazadə – 85

Yaşasaydı bu gün 85 yaşı olacaqdı. Söhbət Azərbaycanın görkəmli caz bəstəkar və ifaçısı Vaqif Mustafazadədən gedir. Onu Sovet İttifaqında etno-cazın pioneri, dünya səviyyəsində isə qədim Şərq musiqi ənənələri ilə Qərb musiqisinin sintezini yaradan virtuoz sənətkar da adlandırmaq olar.

Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakıda anadan olub. Atası əslən Şəkidən olan hərbi həkim idi. Anası isə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun tələbəsi olmuş, ilk pianoçulardan biri, muğamın gözəl bilicisi Zivər xanım idi.

İlk müəllimi də anası olmuşdu. Vaqif hələ doqquz yaşında ikən milli musiqini özünəməxsus şəkildə improvizə edirdi. Əvvəlcə A.Zeynallı adına musiqi məktəbində oxumuş, sonra isə təhsilini Azərbaycan Konservatoriyasında davam etdirmişdi. Burada o, Qərb klassik musiqisi ilə tanış olmuş, Bax, Motsart, Bethoven, Şopen, Mendelson, Raxmaninov və başqalarının əsərlərini ifa etmişdi.

Zaman keçdikcə piano ifaçılığı onu öz orbitinə çəkmişdir. 1956-cı il mayın 30-da Bakı Filarmoniyasında böyük səhnədə ilk çıxışı Vaqifin gəncliyinin ən parlaq anlarından birinə çevrilmişdir. On altı yaşlı V.Mustafazadə Mendelsonun fortepiano konsertinin birinci hissəsini parlaq ifa etmişdir. Gənc istedadın ifasına heyran olan azərbaycanlı dirijor və bəstəkar, maestro Niyazi onun böyük musiqiçi olacağının proqnozunu vermişdir.

Vaqif tez-tez Con Koltreyn, Oskar Peterson, Thelonious Monk və Bill Evenson kimi məşhur xarici caz musiqiçilərinin yazılarını dinləyib və bu, onun musiqi karyerasının müəyyənləşməsində mühüm rol oynayıb.

Ə.Zeynallı adına musiqi məktəbində oxuyarkən – 18 yaşında Vaqif Radio Komitəsində solist kimi işləməyə başlayıb. 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib.

Lakin bir il sonra Vaqif Tbilisiyə köçüb və məşhur “Orero” ansamblının musiqi rəhbəri olub. O, istedadlı musiqiçi Tamaz Kuraşvili ilə əməkdaşlıq edib. Bu yaradıcılıq birliyi nəticəsində yeni musiqi layihələri yaranıb, onlar müxtəlif festivallarda, caz konsertlərində çıxış etməyə başladılar. Tbilisidə o, Gürcüstan Dövlət Filarmoniyasında özünün ilk qrupunu, “Qafqaz” caz triosunu (qrupun üzvləri: Vaqif Mustafazadə, Geno Nadiraşvili, Feliks Şabsis) yaratdı.

Vaqifin möhtəşəm uğurlarından biri 1966-cı ildə Tallində XIII Beynəlxalq Caz Festivalında oldu. Orada bir neçə kompozisiya ifa etdi və qeyri-adi ifası ilə tamaşaçıların qəlbini fəth edərək festivalın laureatı oldu. Məşhur amerikalı caz tənqidçisi V.Konover Vaqifin C.Qerşvinin “Sevdiyim adam” əsərini virtuoz ifasını lakonik şəkildə belə şərh etmişdir: “O, indiyə qədər eşitdiyim ən lirik pianoçudur”.

***

1968-ci ildə Vaqifin SSRİ şəhərlərinə ilk qastrol səfəri baş tutdu. Ümumittifaq səviyyəsində ciddi uğurlar qazanan Vaqif Mustafazadə elə həmin il Azərbaycanın Mədəniyyət naziri, bəstəkar Rauf Hacıyevin təkidi ilə sevimli Bakı şəhərinə qayıtdı. Gənc musiqiçi Vətəndə yaradıcılığa böyük şövqlə başladı. 1970-ci ildə "Leyli" adlı ilk qadın vokal qrupunu yaratdı. Qısa müddətdə qrup şəhər əhalisi arasında məşhurlaşdı. Bir il sonra qrupun heyəti və adı dəyişdi – "Sevil". Repertuarda caz aranjimanlarında mahnılar və melodiyalar üstünlük təşkil edirdi. Qrupun dörd solistindən biri Tbilisidə tanış olduğu həyat yoldaşı Elza Mustafazadə (Bandzeladze) idi.

O, öz əsərlərini bəstələməklə yanaşı, caz aranjimanlarında Qara Qarayevin klassik musiqisini, Tofiq Bakıxanovun orijinal musiqisini və xalq havalarını təqdim edib. Azərbaycan muğamını dərindən bilməsi və onun klassik caz musiqisi ilə sintezi ona etnocazda yeni istiqamət – Azərbaycan cazını (caz-muğam) yaratmağa imkan verdi. Şərq musiqisi ilk dəfə caz üslubunda yeni görünüş qazandı. Təbii ki, doğma Bakıda yeni üslubun qavranılmasında hər şey o qədər də rəvan deyildi. Görkəmli bəstəkar Tofiq Quliyev ona bir çox cəhətdən dəstək verdi. Caza olan həvəsi onu istedadlı bəstəkar və ifaçı Rafiq Babayevlə birləşdirdi. 1977-ci ildə Vaqif Mustafazadə “Muğam” caz qrupunu yaratdı. Elə həmin il Donetskdə keçirilən Ümumittifaq Caz Festivalında iştirak etdi.

Ömrünün son iki ili musiqiçinin həyatında çox məhsuldar oldu. “Melodiya” şirkəti onun “Jazz Improvisations” adlı ikili albomunu və bəstəkar Tofiq Quliyevin əsərlərinin aranjimanları ilə rekordunu buraxdı. O, “Tbilisi-78” caz festivalında parlaq çıxış etdi.

V.Mustafazadənin fenomenal yaddaşı və parlaq ifa tərzi onun ifasını digər musiqiçilərdən fərqləndirirdi.

***

Obyektiv səbəblərdən Vaqif Mustafazadə uzun müddət dünya caz səhnəsində debüt edə bilmədi. Lakin tövsiyələrə əməl edərək 1979-cu ildə “Əzizəni gözləyərkən” bəstəsini Monakoda keçirilən Ümumdünya Caz Musiqisi Müsabiqəsinə göndərdi. Bu məkanda o, dünyanın hər yerindən caz musiqiçiləri ilə yarışırdı. Onun həyəcanı və çalışqanlığı öz nəticəsini verdi: Azərbaycan bəstəkarı və ifaçısının bəstəsi Qran-pri aldı. Vaqif müsabiqə iştirakçıları arasında ən yaxşı ifaçı oldu. Qalibə təkcə mükafat deyil, həm də sülh və həyata sevgi gətirən saf musiqinin simvolu kimi “ağ royal” hədiyyə olunmalı idi. Amma musiqiçi bunu bilmirdi...

***

Təbii ki, dahi musiqiçinin yaradıcılığında caz əsas yeri tuturdu. Onun caz kolleksiyası təkcə rəngarəng milli kompozisiyalardan ibarət deyildi. Musiqiçinin “Mavi Daniel”, “Ritm”, “İradə” kimi onlarca əsəri klassik caz ənənələri üslubunda yazılmışdı. Qeyd edək ki, Vaqif Mustafazadə həm də simfonik və kamera musiqisi yazıb. O, çoxsaylı kameralı fortepiano əsərlərinin müəllifidir. Ümumilikdə, qısa ömrü ərzində o, 1200-dən çox musiqi əsəri bəstələmişdir.

***

1979-cu il dekabrın 15-də Vaqif “Muğam” qrupu ilə Daşkənddə qastrol səfərində olub. Konsertin birinci hissəsində o, barmaqlarının artıq ona tabe olmadığını və nəfəsinin kəsildiyini hiss edib. Həkimlərin məsləhətinə baxmayaraq, o, ikinci hissəni də davam etdirib. Bu, Vaqif Mustafazadənin son konserti idi. O, 39 yaşında miokard infarktından vəfat etdi. Onun ölümü bütün musiqisevərləri dərindən məyus etdi. Axı hələ gənc, otuz doqquz yaşlı Vaqifi böyük yaradıcılıq uğurları gözləyirdi.

1980-ci ildə onun ölümündən sonra “Amerikanın səsi” radiosunda ingilis dilində yayımlanan “Jazz Time” verilişinin aparıcısı Uills Konover bir saatlıq proqramını Vaqif Mustafazadəyə həsr etdi. Ölkələr arasında münasibətlərin gərgin olmasına baxmayaraq, bu, sovet caz musiqiçisinin istedadına verilən ən yüksək qiymət idi.

Daha sonra ssenarist və rejissor Rüstəm İbrahimbəyov yazırdı: “O, niyə tez getdi? Həqiqətən, istedadlı insan ilahi qüvvələrin dirijorudur. İstedadlı insanda bu qüvvə nə qədər güclü olarsa, onun fiziki gücü bir o qədər tez tükənər. İlahi gücü bədəndə saxlamaq çətindir. Vaqif milli kimliyimizin, varlığımızın bir parçasıdır. O, eniş-yoxuşları ilə xalqımızın mahiyyətini dəqiq ifadə edən bir parçadır”.

İsveçli pianoçu J.Yohanssonun fikrincə, Vaqif Mustafazadənin musiqisi heyrətamiz dərəcədə müasirdir və eyni zamanda, qədim Qafqaz melodiyalarının sirlərini özündə cəmləşdirir.

Vaşinqton Caz Klubunun prezidenti D.Beyker etiraf edib ki, Vaqif Mustafazadə dünyanın ən yaxşı pianoçularından biridir.

Uzun müddət Avropa Caz Forumu jurnalının baş redaktoru olan Pavel Brodovski demişdir: “V.Mustafazadə özünəməxsus üslubu olan pianoçudur. O, cazını mükəmməl ifa edir və Azərbaycan koloritindən məharətlə yararlanır. O, bir çox digər cazmenlər üçün nümunə ola bilər”.

Vaqif Mustafazadənin adı ABŞ-dan olan müəlliflər kollegiyası tərəfindən Dünya Caz Ensiklopediyasına daxil edilib.

***

Bu gün Vaqifin ailəsində musiqi ənənələri uğurla davam edir. Qızı Əzizə Mustafazadə atasının yolu ilə gedib. Əzizə Mustafazadə hazırda Almaniyada yaşayır və dünya şöhrətli caz musiqiçilərindən biridir. O, mütəmadi olaraq doğma Bakıda konsertlər verir.

Bu gün Azərbaycanda Vaqifin yaratdığı etno-caz məktəbi də inkişaf edir. Onun musiqi irsindən ruhlanan istedadlı musiqiçilər böyük uğurlar qazanırlar. Vaqifin yaradıcılıq irsi gənc nəsildə belə bir hiss yaradıb ki, Azərbaycan cazı digər milli musiqi janrları kimi qədim tarixə malikdir.

Sözsüz ki, Vaqif Mustafazadə dünya caz tarixində bir inqilabçı və fenomen oldu.

Mehman MƏMMƏDOV,
tibb elmləri doktoru, professor

Seçilən
22
xalqqazeti.az

1Mənbələr