AZ

Yaz immuniteti: Keçid dövründə sağlamlığı necə qorumaq olar?

Yazın gəlişi ilə bir çoxumuz immun sistemimizin zəifləməyə başladığını hiss edirik. Bunun səbəbi dəyişkən hava şəraiti və orqanizmin istiyə adaptasiya dövründə müdafiə qüvvələrinin azalmasıdır.

hakimiyyet.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, endokrinoloq və diyetoloq Lira Qaptıkayeva bununla bağlı danışıb.

Onun sözlərinə görə, qış mövsümündə "D" vitamini çatışmazlığı və qida ilə vitamin qəbulunun azalması immun sisteminin işinə mənfi təsir göstərir. Bundan əlavə, yazda bitkilərin çiçəklənmə mövsümünün (pollinoz) başlaması səbəbindən immun sisteminə yük artır.

"Mövsüm dəyişikliyi ilə orqanizmimiz yeni həyat şəraitinə uyğunlaşır və bu da müvəqqəti olaraq immun sisteminə təsir göstərə bilər. Düzgün qidalanma rejimini saxlamaq, mülayim fiziki aktivliklə məşğul olmaq və profilaktik tədbirləri unutmamaq vacibdir", - deyə həkim tövsiyəsini verib.

Diyetoloq bağırsağı - güclü immunitеtin açarı adlandırıb.

"İmmun sistemimizin dəstəklənməsində bağırsaq əsas rol oynayır. O milyardlarla bakteriya və digər mikroorqanizmlərlə məskundur ki, onların miqdarı 1.5-2 kq-a çata bilər. Bu bakteriyalar immun cavabın formalaşmasına və saxlanmasına kömək edir".

Ekspert bildirib ki, faydalı və zərərli bakteriyalar arasındakı balans orqanizmdəki iltihabi proseslərin səviyyəsinə təsir göstərir.

"Patogen bakteriyaların həddindən artıq olması xroniki iltihabla nəticələnə bilər ki, bu da immun cavabı zəiflədir. Sağlam bağırsaq mikrobiotası aktiv maddələr, qısa zəncirli yağ turşuları, vitaminlər, amin turşuları istehsal etməyə kömək edir ki, bunlar da bağırsağın toksinlər və patogenlərə qarşı keçiriciliyini qoruyur, sistem iltihabını azaldır və orqanizmimizi qidalandırır".

Endokrinoloq immunitet üçün sağlam qidalanma prinsiplərindən də danışıb.

"Sağlam və güclü immunitet üçün qidalanma rasionuna nəzarət etmək vacibdir. "Boşqabda göy qurşağı" prinsipinə riayət etmək tövsiyə olunandır - müxtəlif meyvə və tərəvəzlər, xüsusilə qırmızı, narıncı və yaşıl rəngdə olanları qəbul etmək. Onlar vitaminlər, minerallar və antioksidantlarla zəngindir (məsələn, sitrus meyvələri, giləmeyvələr, ispanaq, yerkökü).

Ağ çörəyi tam taxıllı çörəklə əvəz etmək daha yaxşıdır, çünki o bağırsağın işləməsi və mikrobiotanın qidalanması üçün faydalı olan daha çox lif tərkibinə malikdir. Rasiona qoz-fındıq və toxumlar (badam, qoz, fındıq, çia toxumları, kətan toxumları) əlavə etmək orqanizmi faydalı yağlar, vitaminlər və antioksidantlarla təmin etməyə kömək edəcək".

Həkim bildirib ki, zülallar isə immun hüceyrələrin sintezində iştirak edir və immunitet sağlamlığının vacib komponentidir.

"Yağsız ət, balıq (xüsusilə yağlı növlər - qızılbalıq, skumbriya), yumurta, paxlalılar və süd məhsulları zülalla zəngindir. Ədviyyat və qatqılar arasında immunitet üçün zəncəfil, kurkuma, sarımsaq faydalıdır. Orqanizmdə iltihabı azaltmaq üçün isə zeytun yağı, avokado, balıqda olan sağlam yağları rasiona daxil etmək vacibdir".

Ekspert immuniteti qorumaq üçün onu zəiflədə biləcək müəyyən amillərdən qaçmağın vacibliyini vurğulayıb:

"Rasionunuzda həddindən artıq şəkər və emal edilmiş məhsullar iltihabı dəstəkləyir və immun müdafiəni azaldır. Yuxu rejimini qoruyun - gündə ən azı 7-8 saat yatmaq tövsiyə olunur. Uzunmüddətli stres isə kortizolun artıq ifrazına səbəb olur ki, bu da immunitetə mənfi təsir göstərir. Fiziki aktivlik, mülayim yüklər metabolik sağlamlığa və bağırsaq mikroflorasına müsbət təsir göstərir. Ən vacibi həkim təyinatı olmadan antibiotiklərdən sui-istifadə faydalı mikrofloranı məhv edir və immuniteti zəiflədir", - deyə o izah edib.

Qaptıkayeva "C" vitaminin immun sistemin dəstəklənməsində mühüm rol oynadığını bildirib.

"Bu vitaminlə əlavələr seçərkən forma və tərkibə diqqət yetirin. Askorbin turşusu ilə yanaşı, digər antioksidantlar və minerallar, məsələn, "E" vitamini və ya sink tərkibli komplekslərə üstünlük vermək daha yaxşıdır. "C" vitaminindən əlavə, güclü immunitet üçün digər qida maddələri də vacibdir: "D", "A", "E" vitaminləri, sink, selen, dəmir, "B" qrupu vitaminləri (xüsusilə "B6", "B12", "B9"). Balanslaşdırılmış müxtəlif qidalanma orqanizmi bütün lazımi maddələrlə təmin etməyin açarıdır. Bioloji əlavələr qəbul etməyə başlamazdan əvvəl, xüsusilə xroniki xəstəliklər və ya əks göstərişlər olduqda, həkim və ya nutrioloqla məsləhətləşmək daha yaxşıdır", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Seçilən
51
1
hakimiyyet.az

10Mənbələr