AZ

Boyanmış yumurtalarla bağlı XƏBƏRDARLIQ

Qarşıdan xalqımızın qədim bayramlarından biri olan Novruz bayramı gəlir. Baharın gəlişi kimi qeyd olunan bu bayramın özünəməxsus adətləri var. Bunlardan biri də yumurta boyamaq və döyüşdürməkdir.

Hətta bəzi təsəvvürlərə görə yumurtanın hansı rəngə boyanması da bir mənanı ifadə edir. Məsələn, qırmızı rəngə boyanmış yumurta yayı, yaşıl (göy) rəng yazı, sarı payızı, heç rənglənməmiş yumurta isə qışı bildirir.

Qədimdə bu rəngləri əldə etmək üçün müxtəlif təbii üsullardan istifadə edilsə də, günümüzdə yumurtalar daha çox  qida, xüsusi yumurta boyaları vasitəsilə boyanır.

Ancaq bu boyalarla bağlı da diqqət edilməli olan bəzi məqamlar var.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bu məqamları açıqlayıb, müvafiq xəbərdarlıqlar edib.

O bildirir ki, yumurta sağlam qidadır, amma heyvan mənşəli, zülal tərkibli olduğuna görə yüksək risk qrupuna daxildir. Buna görə də mənşəyi bəlli olan, keyfiyyətli yumurtadan istifadə etmək lazımdır.

“Qədim adətlərə görə yumurtanı boyamaq üçün  soğan qabığı, çuğundur, göyərtilər qaynadılaraq istifadə olunurdu.  Lakin son dövrlərdə yumurta boyamaq üçün qida boyalarından istifadə edilir”.

Boya seçərkən nələrə diqqət etmək lazımdır?

“Sintetik, kimyəvi mənşəyi olmayan, təhlükəsiz boyalardan istifadə olunmalıdır. Boyamadan öncə yumurta təmiz yuyulmalıdır. Nəzərə almaq lazımdır ki, kimyəvi boya yumurtanın qabığında olan məsamələr vasitəsilə yumurtaya keçir. Bu da sağlamlığa zərərli ola bilər”,-deyə  müsahibimiz bildirib.

Məhsəti Hüseynovanın sözlərinə görə boyanmış yumurtanı uzun müddət saxlamaq tövsiyə olunmur.

“Boyanan yumurta uzağı 2-3 gün ərzində yeyilməli, sərin soyuducuda saxlanmalıdır. Əksər hallarda, bunu dekor kimi bəzəyib xonçalarda, otaq tempraturunda saxladıqda yumurta öz keyfiyyətini itirir, bişirilmiş olduğu üçün həmin yumurtanı yemək sağlamlıq üçün fəsadlara səbəb ola bilər. Mütləq nəzərə almaq lazımdır ki, boyanmaq üçün qaynadılan yumurta qırılmamış olmalıdır. Bu onun keyfiyyətli qalmasına kömək edən əsas amillərdən biridir. Əgər çatlayıbsa, xoşagəlməz qoxu varsa, həmin yumurtaları yeməkdən qaçmaq lazımdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
17
1
bizim.media

10Mənbələr