AZ

Yuri Nikulin Sirki 10 ildən sonra Bakı səhnəsində çıxış edib

Bakı, 16 mart, AZƏRTAC

Bakı Dövlət Sirkinin təşkilatçılığı ilə Moskvanın Svetnoy Bulvardakı məşhur Yuri Nikulin Sirki 10 ildən sonra ilk dəfə Bakı İdman Sarayında çıxış edib.

AZƏRTAC xəbər verir ki, sirk proqramı Yuri Nikulin Sirkinin dünyaca məşhur, müxtəlif festivallarda mükafatlara layiq görülən artistlərinin iştirakı ilə keçirilib.

Proqramdan əvvəl jurnalistlərə açıqlama verən Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva bildirib ki, sirk proqramında akrobat, gimnast və kəndirbazlar tamaşaçıların marağına səbəb olacaq.

“Onlar Monte-Karloda keçirilən Ümumdünya Sirk Festivalının laureatları, “Dünyanın ən yaxşı klounları” Beynəlxalq Festivalında Qran-pri, eləcə də “İlin klounu” Ümumrusiya Sirk Mükafatı laureatlarıdır. Əyləncə dolu sirk şousunda sözəbaxan ayı, it, meymun və su heyvanları sahiblərinin onlara verdikləri tapşırıqları mehribanlıqla yerinə yetirərək, sadiq dost olduqlarını sərgiləyəcəklər. Həm uşaq, həm də böyüklər üçün nəzərdə tutulan proqram rəqqasların hər nömrədən əvvəl göstərdikləri unikal rəqslər də yer alacaq. Göz oxşayan fərqli kostyumlar və səhnə dekorları məşhur Yuri Nikulin Sirkinin müasir standartlarına uyğun qurulub. Sirk tamaşaları həftəsonları və Novruz bayramı günlərində hər gün iki seans olmaqla təşkil ediləcək”,- deyə o vurğulayıb.

Yuri Nikulin Sirkinin tanınmış artistlərindən biri Viktor Franke Bakıya ilk dəfə gəldiyini və şəhərə heyran qaldığını vurğulayıb. O, Bakının gözəlliyini Monako ilə müqayisə edərək, buranın daha üstün olduğunu söyləyib. “Klounada sənəti ilə uşaqlıqdan məşğulam. İlk dəfə kloun obrazında səhnəyə çıxanda tamaşaçılardan çoxlu konfet və şokolad toplamışdım. Mənim üçün unudulmaz anlar idi. Beynəlxalq festivallarda və dünya səviyyəli sirk səhnələrində çıxış etməyim, sadəcə, bir şansdır”, - deyə o əlavə edib.

Sirkin digər artisti Marina Efimova isə Nikulin adına Sirkdə hava gimnastı kimi çıxış etdiyini və beynəlxalq sirk sənəti festivallarının laureatı olduğunu deyib. O, Bakıya ilk dəfə qastrol səfərinə gəldiyini və burada çıxış etmək üçün böyük həyəcan keçirdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, martın 21-də ənənəvi olaraq qazi ailələrinin övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də xeyriyyə tədbiri təşkil olunacaq.

Seçilən
14
azertag.az

1Mənbələr