AZ

Ekspert: Regionda münasibətlərin normallaşması xarici qüvvələrin maraqlarına son qoyacaq

Ankara, 16 mart, AZƏRTAC

Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Cənubi Qafqazda uzunmüddətli sabitliyə gətirib çıxarmaqla yanaşı, həm də xarici qüvvələrin region ölkələrinin işlərinə müdaxilə imkanlarını minimuma endirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin “Kafkassam” analitik mərkəzinin rəhbəri, professor Hasan Oktay bildirib.

O, Ermənistanda hazırkı hakimiyyətin əleyhdarlarının, xüsusən də Nikol Paşinyan hökumətini devirməyə və qonşu dövlətlərlə dinc dialoqa xələl gətirməyə çalışan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın hərəkətlərinə diqqət çəkib.

“Ermənistanın keçmiş liderləri Paşinyanı seçkilər, alınmasa isə inqilab yolu ilə aradan qaldırmağa çalışırlar. Bu siyasətçilər Azərbaycan və Türkiyə ilə dialoqun əleyhinədirlər və bu məqsədlə həm hərbi avantüra kartından, həm də terror rıçaqlarından istifadə etməyə hazırdırlar”, - deyə “Kafkassam” rəhbəri hesab edir.

O, Ermənistanı silahlandıran Fransanın mövqeyini də tənqid edib. “ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynada atəşkəsə nail olmaq cəhdləri fonunda Paris İrəvandan öz strategiyası çərçivəsində istifadə edərək Rusiya ilə qarşıdurmada yeni cəbhə açmağa çalışır”, - deyən ekspert Fransanın Cənubi Qafqazdakı planlarının həyata keçirilməsinə yol verməməyə çağırıb.

Onun fikrincə, İrəvanla qonşu ölkələr arasında münasibətlərin normallaşması ilə Ermənistanda xarici qüvvələrin “beşinci kolon”una ehtiyac aradan qalxacaq, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq istəməyən yüz minlərlə “təsir agenti” bu ölkəni tərk edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
16
azertag.az

1Mənbələr