AZ

Əhsən, Cavid!

“Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən istifadə edə bilmədik. Sonuncu yerdəyik, necə ola bilər ki, güclənməyək? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfindən də belədir. Hamı danışır ki, “Səbail” kiməsə lazım deyil. Bəs, düşünmürük ki, burda oyunçular var? Mən məşqçi kimi faydalı ola bilərəm. Arzularım var, həyata keçirə bilərəm. Bəlkə də, fikirləşirlər ki, problem Cavid Hüseynovdadır. Deyil… Mən də istəyirdim ki, hücumçum olsun. Nşuti gəldi, 2 il futbol oynamayan Mirabdulla gəldi… Problemlər böyükdür, tək toparlamağa çalışıram, amma gücüm çatmır. Məşqçiyə dəstək lazımdır. Nə etməliyəm ki, dəstək olsun? Təsəvvür edin, qələbə qazanırıq, mükafatımız 500 manatdır. Sonuncu yerdə gedən komandaya motivasiya üçün dəstək lazımdır. “Kəpəz” qələbə qazanır, əməlli-başlı pul alır, bəs biz? Çətinliklər çoxdur”

Bu sözləri Cavid Hüseynov “Səbail” – “Neftçi” (1:2) oyunundan sonra deyib. Deyən kimi də istefaya göndərilib.

Cavidin iki tur əvvəlki ifadələrinə görə tənqid etmişdik. Lakin bu sözləri onun haqqında fikirləri 180 dərəcə dəyişdi.

Fikri, mövqeyi olan adam sərvətdir və ona hörmət bəslənməlidir…

Cavid “Turan”dan ayrılıb “Səbail”ə keçməklə səhv etmişdi və yəqin ki, bunu anlayır. Ancaq bu keçidin motivini dəqiq bilmirik. Bəlkə o, çarnaçar vəziyyətdə bu addımı atmışdı.

Ancaq “Səbail”i klub kimi elə ən dəqiq Cavid təsvir etdi. Görünür, dəqiq təsvir istefa ilə “mükafatlandırılır”.

Görəsən, “Səbail” özündə bu haqqı görürmü… Özü klub kimi nə olduğu bəlli deyil, lakin baş məşqçinin sözlərinə görə onunla yolları ayırır. Ona qalsa, “Səbail” özü özüylə yolları ayırmalıdır…

Yeni baş məşqçi gətirib, ondan köhnə heyətlə yaxşı nəticə gözləmək müştəbehliyi? Cavabı: sonuncu yer.

…Və bir də Cavidin dediklərindəki xaos.

Kamil Əhməd

Seçilən
11
futbolpress.az

1Mənbələr