AZ

Milli adət-ənənələrin və dəyərlərimizin tərkib hissəsi » AzadMedia.az


Hər bir millətin mənəvi, mədəni siması onun milli adət-ənənələri və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemidir ki, bu gün də mədəni dəyərlərimiz qorunaraq saxlanmaqdadır. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Bu səbəbdəndir ki, xalqımız milli-mənəvi dəyərlərinə, adət-ənənəsinə, mədəniyyətinə, tarixinə bağlılığı sayəsində özünəməxsusluğunu qoruya bilib. Özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib.

Məlum olduğu kimi güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayan başlıca amil də məhz adət-ənənələrimizdir ki, bu da cəmiyyəti əxlaqi, milli vətənpərvərlik baxımından düzgün istiqamətə yönəldir, saf təməllər üzərində tərbiyə edir.

Azərbaycan xalqı dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınır. Tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, xalqımız özünün mənəvi dəyərlərini qoruyub saxlamış, ona ən qiymətli sərvəti kimi yanaşmışdır.

Xalqımızın ən zəngin milli mədəni irsi olan adət və ənənələrinin və bu əsasda formalaşdırılan milli mənəvi dəyərlər sisteminin qorunub saxlanılmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Vaxtilə Heydər Əliyev cəsarətlə Azərbaycan xalqının öz kökündən, adət və ənənələrindən uzaqlaşdırılması yönündə Moskva tərəfindən atılan sərt addımların əleyhinə çıxırdı. Bu baxımdan ulu öndərin adət və ənənələrimizə bütün varlığı ilə bağlı olmasını onun xalqımızın ən qədim bayramı olan Novruza olan dərin sevgisini sübut edir. Belə ki, SSRİ rəhbərliyi tərəfindən rəsmi şəkildə qadağan edilməsinə baxmayaraq, 1967-ci ildə Azərbaycan xalqı Novruz bayramını təntənəli şəkildə qeyd etdi. Novruz bayramının yüksək səviyyədə keçirilməsi isə həmin dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin şəxsi xeyir-duası baş tutmuşdu. Halbuki Heydər Əliyev Moskvanın məsələyə xoşagəlməz reaksiya verəcəyini yaxşı bilirdi. Buna baxmayaraq, Heydər Əliyev cəsarətlə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə razılıq vermişdi. Üstündən illər ötəndən sonra Heydər Əliyev ona ünvanlanan: “Ən çox sevdiyiniz bayram?” -sualına məhz : “Novruz”, - deyə cavab vermişdi.

Azərbaycanda Novruz, hər il martın 20-21-də qeyd olunur və bu, həm təbiət, həm də insan həyatının yenilənməsi kimi qəbul edilir. Novruzun milli adət-ənənələrimizin bir hissəsi kimi qəbul edilməsi, bu bayramın xalqımızın qədim və müasir həyatının birləşdiyi nöqtə olması ilə bağlıdır. Hər bir Novruz bayramı, milli kimliyimizin qorunub saxlanması, qədim adətlərin yaşadılması və onların gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Novruz bayramı, yalnız təbiətin oyanışını deyil, həm də müxtəlif adət-ənənələrin bərpa olunmasını və təkrar yaşadılmasını təmsil edir. Bayramın qeyd edilməsi zamanı müxtəlif ənənələrə, adətlərə və ritualara yer verilir.

Novruz yeni gün, yeni həyatın başlanğıcı deməkdir. Qoy bu bayram xalqımıza firavanlıq, dövlətimizi əmin-amanlıq gətirsin. Novruz bayramınız mübarək!

Əhmədli İlqar
YAP İsmayıllı rayon təşkilatının məşləhətçisi
Seçilən
33
1
azadmedia.az

2Mənbələr