"Qalib gələ bilməməyimiz mümkünsüz idi. Qol vurmamaq daha çətin idi, nəinki vurmaq. Rəqib qapımıza doğru 1 zərbə belə endirmədi. Bizim qapıda mən dursaydım, yoxsa Livakoviç, heç fərq etməzdi".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo dünən Türkiyə Superliqası çərçivəsində "Samsunspor"a qarşı matçdan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis bildirib ki, qələbə qazana bilməməklərinə yorğunluq amili də təsirini göstərib: "İki gün əvvəl Avropa Liqasında "Reyncer"ə qarşı 120 dəqiqə mübarizə apardıq. İstər-istəməz bunun da təsirini gördük. Futbolçularım sonadək mücadilə etdilər".
Vacib 2 xalın itirilməsinə baxmayaraq, J.Mourinyo çempionluq yolunda birinci yerdə qərarlaşan "Qalatasaray"la sonadək yarşacaqlarını vurğulayıb: "Liderin növbəti turlarda xal itirəcəyi ehtimalı azdır. Superliqada bəzi komandalar "Qalatasaray"la matçlara daha az köklənirlər. Bizi çətin mübarizə gözləyir. Ancaq riyazi cəhətdən çempionluq şanslarımız qalır".
Qeyd edək ki, hazırda "Qalatasaray" ehtiyatda 1 oyunu olan "Fənərbağça"nı 9 xal qabaqlayır.