AZ

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları 2028-ci ilə qədər uzatdı – ÖZƏL

Yeni Zelandiya hökuməti Rusiyaya qarşı sanksiyaların müddətini daha üç il uzadıb. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

XİN-in bildirdiyinə görə, daha əvvəl 17 mart 2025-ci ildə başa çatmalı olan məhdudiyyətlər 14 martda qəbul edilən qərara əsasən 17 mart 2028-ci ilə qədər qüvvədə qalacaq.

Nazirlik vurğulayıb ki, Yeni Zelandiyanın Rusiyaya qarşı sanksiyaları ölkə vətəndaşları üçün bir sıra öhdəliklər müəyyən edir. Bu çərçivədə müəyyən fəaliyyət növləri qadağan edilir və ya məhdudlaşdırılır. Həmçinin Yeni Zelandiya vətəndaşları Rusiya ilə ticarət-iqtisadi əlaqələrə aid şübhəli fəaliyyət barədə məlumat verməyə borcludurlar.

Qeyd edək ki, Yeni Zelandiya 2022-ci ilin mart ayından bu günə qədər Rusiyaya qarşı 35-dən çox məhdudiyyət tətbiq edib. Bunun üçün ölkə parlamenti xüsusi qanun da qəbul edib. Ümumilikdə, sanksiyalar 1,8 mindən çox Rusiya vətəndaşına, o cümlədən Prezident Vladimir Putin, hökumət üzvləri, Təhlükəsizlik Şurasının rəhbərliyi, Dövlət Duması və Federasiya Şurasının deputatları, qubernatorlar, Donbass və Novorossiyanın rəhbərlərinə, eləcə də bir sıra iş adamlarına şamil edilib. Bundan əlavə, 400 Rusiya təşkilatı, 20 maliyyə qurumu, o cümlədən Mərkəzi Bank, 37 media şirkəti və jurnalist, həmçinin Mərkəzi Seçki Komissiyasının 15 üzvü sanksiya siyahısına daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
olaylar.az

1Mənbələr