AZ

Rəqəmsal yenilik məktəblər üçün nə vəd edir?

Məlum olduğu kimi, fevralın 7-dən etibarən  ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində “Rəqəmsal məktəb” platforması istifadəyə verilib. Bu platforma rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır.

 

Yeni sistem şagird, valideyn, müəllim və direktorun iştirakı ilə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını təmin edir. Platformaya giriş Digital login üzrə aparılır. Belə ki, valideyn, müəllim və məktəb rəhbərləri “SİMA” rəqəmsal imza vasitəsi ilə bütün digital login imkanlarından təhlükəsiz istifadə edərək şəxsi səhifəsinə giriş imkanına malikdir. Giriş üçün www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır.

 

"Rəqəmsal məktəb" layihəsi ilk olaraq Bakıda test rejimində tətbiq edilir. Platformada şagird, valideyn, müəllim və direktor üçün bölmələr var. Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola bilərlər. Valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər. Həmçinin müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər."Sima" və identifikasiya kodu ilə valideyn övladının təhsil göstəricilərini onlayn izləmə imkanına sahib olacaq.

 

Giriş məlumatları hər bir şagird üçün valideyni tərəfindən təyin edilmiş şifrə və UTİS kod vasitəsilə mümkündür. Şagirdlərin elektron resurslardan istifadəsi imkanının təmin olunması məqsədilə hər fənn üzrə mövzuya uyğun elektron resurlar – video dərslər, tapşırıqlar və kvizlər (test) yerləşdirilib ki, şagirdlər məktəbdə keçirilən hər hansı mövzu üzrə çətinlik çəkdikdə və yaxud müəyyən səbəblərdən dərsdə iştirak etmədikdə platforma üzrə yaradılmış elektron resurslardan istifadə edə bilsinlər.

 

Tədris prosesini daha maraqlı və cəlbedici edən, həmçinin şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslərin önəmli rolu var. Bu proses fizika, kimya, Azərbaycan dili, təbiət, riyaziyyat və s. kimi məktəb proqramını və ibtidai sinifləri əhatə edir. Video dərslər hər bir şagirdə olduğu məkandan asılı olmayaraq geniş öyrənmə imkanları yaradır. Eyni zamanda, platforma şagirdə dərs tapşırıqlarının həllini müəllimin dilindən vizual izahlı şəkildə dinləmək imkanı da verir.

 

Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrətin sözlərinə əsasən biz yeni və tam müasir üslubda olan təhsil sisteminə keçid edirik: “Rəqəmsal platformanın çox üstün tərəfləri var. Artıq valideyn harada olmasından asılı olmayaraq övladına daim nəzarət edə biləcək. “Rəqəmsal platformada” müəllim, şagird, valideyin və direktor tandemi mövcuddur. Burada hər bir tərəfin öz şəxsi səhifəsi var. Üstün cəhətlərdən biri şagirdin müxtəlif səbəbdən dərslərdən geri qalmaması üçün lazımı məlumatların daim səhifədə yer almasıdır. Şagirdlər keçilən dərsləri, verilən tapşırıqları bu platformada təqib etməklə yanaşı video görüntü vasitəsi ilə də izləyə biləcəklər. Burada müəllim-şagird, müəllim-valideyin həmçinin direktor-valideyin ünsiyyəti də mövcud olacaq. Belə ünsiyyətin üstün cəhətlərindən biri iş çoxluğundan və ya xaricdə olan valideyinin onlayn olaraq direktor və müəllimlərlə əlaqə qurmasını asanlaşdıracaq.

 

Məktəb rəhbəri olaraq bildirmək istəyirəm ki, direktorların işləri çox olduğundan bu platformada onlara aid olmayan məsələlərin aidiyyatı şəxslərə yönləndirilməsi daha yaxşı olar. Məktəbdə müxtəlif problemlərin həlli üçün digər rəhbər şəxslərin-tədris işləri üzrə direktor müavini, təşkilatçı, psixoloqun da bu platformada yer almasının tərəfdarıyam. Bunun nəticəsində yaranan problemlər daha operativ şəkildə həll oluna bilər”.

 

Müəllim Lalə Şükürova deyir ki, bu gün müəllim vaxtının çox hissəsini yazı-pozu işinə sərf edir. Bizim əsas vəzifəmiz tədris prosesinin yüksək səviyyədə, mövcud standartlara uyğun təşkilidir. Biz əlavə yazı işləri ilə vaxt itirmiş oluruq: “Düzdür, çalışaram ki, həm dərsimi yüksək səviyyədə deyim, həm də yazı işlərini həll edim. Fiziki cəhətdən buna gücüm çatsa da, zehni baxımdan çox yoruluram. Müəllimin məktəbdə dərsdən əlavə o qədər işi olur ki; jurnal yazmaq, formativ jurnal yazmaq, gundəlik yazmaq, dəftər yoxlamaq, summativ hazırlamaq və keçirmək, nəticələri yoxlamaq və.s. Bu yazı prosesi dərs saatından sonra da bitmir. Müəllim bu işə günlərini sərf edir. Çatdıra bilmədiklərini isə gətirib evdə yazır. Belə olan halda müəllim zehni və fiziki cəhətdən yorulur, növbəti günün dərsinə hazırlaşa bilmir və məktəbə hazırlıqsız gedir. Bu da istər-istəməz təhsilin keyfiyyətinə mənfi təsirini göstərir.

 

Yeni yaradılan “Rəqəmsal məktəb” platforması müəllimləri kağız sənədləşmələrdən, kağız materiallardan xilas edəcək. Daha müəllim yazı-pozu işinə vaxtını sərf etməyəcək. Onlar elektron jurnalı, elektron cədvəli artıq buradan hazırlaya biləcək, kağız asılılığından xilas olacaqlar. Qiymətli vaxtlarını internet vasitəsi ilə qabaqcıl təcrübədən istifadə etməklə öz dərsinə yeniliklərin gətirilməsinə sərf edəcək”. Lalə Əliyevanın sözlərinə görə, kağız jurnalların ləğv edilməsi və elektron jurnalların tətbiqi, təhsil sistemində modernləşmənin bir hissəsidir. Elektron jurnallar müəllimlərə, şagirdlərə və valideynlərə bir sıra üstünlüklər təqdim edir. Bu dəyişikliklər yalnız texnologiyanın təhsilə inteqrasiyasını gücləndirmir, həm də təhsil prosesini daha şəffaf və səmərəli edir.

 

Valideyn Yeganə Əliyeva bildirib ki, “Rəqəmsal məktəb” platforması vasitəsilə valideynlər övladlarını daha rahat izləyə biləcəklər. Platformada həmçinin valideyn kabineti də mövcuddur ki, vətəndaşlar övladı haqda gündəlik qiymətləndirmə məlumatlarını izləyə bilir və birbaşa direktor ilə onlayn şəkildə çat vasitəsilə əlaqə saxlayır. Valideynlər əlavə vaxt itirmədən müəllimlərlə ünsiyyət qura, məktəbdəki proseslərlə bağlı müəllimlərə sual verib və cavab ala biləcəklər: “Bu platformanın yaradılması valideynlər tərəfindən çox müsbət qarşılandı. Bu layihə biz valideynlərə övladlarının təhsil göstəricilərini, aldığı qiymətləri rahatlıqla öyrənmək imkanı verir. Müəllimlər şagirdi qiymətləndirdikdən dərhal sonra valideynlər, şagirdlər dərhal qiymətləri və digər məlumatları onlayn olaraq izləyə biləcəklər. Bu, təhsilin şəffaflığını artıracaq və valideynlərlə məktəb arasında daha yaxın əlaqə yaradacaq. Platforma vasitəsilə valideynlər öz fikirlərini məktəb rəhbərliyinə yaxud da müəllimə daha asan çatdırmaq imkanı qazanırlar. Dərs cədvəlinin öncədən hazırlanması və platforma vasitəsilə valideynlərin diqqətinə çatdırması, o cümlədən müəllimlərin keçirilən summativ qiymətləndirmənin nəticələrini orada qeyd etmələri bizim daha çox ürəyimizcə oldu”.

 

Valideyn Jalə Səfərova qeyd edib ki, valideynin məktəbdə gördüyü hansısa neqativ bir məsələ varsa, bunu məktəb rəhbərliyinə daha tez çatdıra biləcək. Məktəb kommunikasiyasının düzgün qurulmasına bu platforma müsbət mənada təsir göstərək: “Rəqəmsal məktəb” vasitəsi ilə biz valideynlər övladlarımızı daha rahat izləyə biləcəyik. Onların təhsil göstəricilərini, davranışlarını rahat izləmə imkanımız olacaq. Müsbət məqamlardan biri sistemə şagirdlər üçün də giriş imkanının olmasıdır. Şagirdlər məktəbdə keçirilən hər hansı mövzu üzrə çətinlik çəkdikdə, bunu elektron resurslardan istifadə etməklə rahatlıqla həll edə biləcəklər. Həmçinin şagirdlər dərs tapşırıqlarının həllini müəllimin dilindən vizual izahlı şəkildə dinləmək imkanı da qazanırlar. Bildiyim qədəriylə “Rəqəmsal məktəb” platformasında hər bir tədris müəssisəsi üzrə valideynlərin iştirakını artırmaq məqsədilə xüsusi “Valideynlərin rəyləri” funksiyası tətbiq ediləcək. Platformada hər tədris müəssisəsi üzrə valideynlər üçün xüsusi bölmə yaradılacaq ki, bu bölmədə onlar sorğularda iştirak edəcəklər.  Sorğular, əsasən, müəllimin dərsi izahetmə bacarığı, verilən tapşırıqların mütəmadi olaraq yoxlanılması, müəllimin şagirdlərlə davranış tərzi kimi məsələləri əhatə edəcək. Bu məsələlər həqiqətən də valideynləri düşündürən məqamlardır. Bu mövzular üzrə sorğuların keçirilməsi vacibdir. Əminəm ki, valideynlər böyük məmnuniyyətlə bu sorğularda iştirak edəcəklər”.

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadənin sözlərinə görə, müasir dövrdə məktəbin rəqəmsallaşması mühüm əhəmiyyət kəsb edir. Bunu bizdən həyatımıza sürətlə daxil olan süni intellekt prosesləri tələb edir. Rəqəmsallaşma həm orta, həm də ali məktəblərdə, hətta deyərdim ki, bütün təhsil sistemində həyata keçirilməlidir. Artıq rəqəmsallaşmanın bir çox elementləri təhsil həyatımıza daxil olub. Bu sistemin bütünlüklə təhsil həyatına daxil olması zərurətə çevrilib:

 

“Təqdirə layiq haldır ki, bu zərurətdən çıxış edərək Elm və Təhsil Nazirliyi tərəfindən “Rəqəmsal məktəb” platformasına start verilib. Layihə əsasında bu ildən 324 məktəb bu sistemə qoşulacaq. Sınaq müddəti uğurla başa çatarsa, bu platforma bütün məktəblərə şamil ediləcək. Hesab edirəm ki, bu layihənin tətbiqi təhsilimizin yeni keyfiyyət mərhələsidir. İndi bu platformanın uğuru tətbiq edilən məktəblərin direktorlarının və müəllimlərin fəaliyyətindən asılı olacaq. Onlar məsələnin mahiyyətini dərk edib, onun nəticələrinin uğurlu olmasına çalışmalıdırlar. Hər bir yenilik tətbiq edilərkən müəyyən çətinliklərlə müşayiət olunur. Bu platforma tətbiq olunan məktəblər rəqəmsal məzmun daşımaları üçün zəruri maddi-texniki avadanlıqlarla təchiz olunmalıdır. Bundan əlavə müəllimlərin rəqəmsallaşma ilə bağlı bilik və bacarıqlarının olması da mühümdür”.

 

Professor vurğulayıb ki, hazırda məktəblərimiz “Rəqəmsal məktəb” platformasına keçid ilə bağlı kifayət qədər maddi-texniki avadanlıqlara malikdirlər. Rəqəmsal bilik və bacarıqlara isə bu gün təkcə müəllimlər deyil, məişət təlabatı səviyyəsində demək olar ki, hamı yiyələnib. Bu o deməkdir ki, “Rəqəmsal məktəb” layihəsinin tətbiqi üçün heç bir problem yoxdur: “Hesab edirəm ki, qısa müddət keçdikdən sonra, biz “Rəqəmsal məktəb” platformasının uğurları haqqında danışa biləcəyik”. 

 

Təhsil eksperti Elçin Əfəndi  hesab edir ki, çağdaş təhsilin tələbləri, çağırışları bunu xüsusi tələb edirdi. Bu, təhsildə elektronlaşmanı, innovativ yanaşmanı gücləndirən, köhnə ənənələrdən məktəb mühitini xilas edən bir platformadır. “Rəqəmsal məktəb” platforması müəllim-valideyn-məktəb əlaqələrinin düzgün qurulmasına böyük təsiri olacaq. Bu layihənin müsbət tərəfləri çoxdur:

 

“Rəqəmsal məktəb” platforması təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli rol oynayacaq. Çünki valideyn sistem üzərindən övladının təhsil göstəricilərinə nəzarət etdiyi zaman müəyyən boşluqları görsə, çalışacaq ki, onları düzəltsin. Həmçinin valideyn məktəbdə gördüyü neqativ məsələni məktəb rəhbərliyinə, o cümlədən nazirliyə daha tez çatdıra biləcək. Valideyn və müəllim bu platforma üzərində fikir mübadiləsi aparacaq, şagirdlərin isə elektron dərslərdən, testlərdən istifadə imkanları yaxşılaşacaq. Valideynlər övladlarının təhsil göstəricilərini, davranışlarını izləmək imkanı qazanıb, fikirlərini rahat şəkildə məktəb direktoruna bildirəcəklər: “Mən inanıram ki, “Rəqəmsal məktəb” in tətbiqi müsbət nəticə verəcək və yaxın zamanda ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində bu platformanın tətbiqinə başlanılacaq”

 

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, Elm və Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin sistemləri inetqrasiya olunduğundan övladlarla bağlı məlumatlar Ədliyyə Nazirliyinin bazasından real vaxtda digital.edu.az-a generasiya olunur: “Elm və Təhsil Nazirliyi bu platforma ilə valideynlərə məktəbə gəlmədən övladlarının tədris prosesinə nəzarət imkanı yaradıb. Həmçinin direktorla birbaşa əlaqə imkanı yaratmaqla məktəblə əlaqəli bütün məsələlərin həlli üçün, valideynin məktəbin fəaliyyətində yaxından iştirakı üçün də imkanlar yaradılıb. Bütün bunlar isə sonda valideynlərin təhsil proseslərində həmçinin övladının tədris prosesində və məktəb idarəetməsində daha yaxından iştirakına imkanlar yaradır. Valideynlərin bu platformaya qoşulması vacibdir və bu, onlar üçün çox faydalıdır”.

 

Nərmin Qarazadə

Seçilən
4
azedu.az

1Mənbələr