AZ

Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir

Milli bayramımız Novruz minilliklər boyu xalqımızın dəyərlər sistemi ilə çulğalanaraq formalaşıb bu günə qədər gəlib çıxıb.  Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin - yeni günün başlanğıcı hesab olunur.

Uzun illər təqiblərə məruz qalmasına, hətta keçirilməsi belə qadağan olunmasına baxmayaraq, türk xalqları Novruz bayramına sahib çıxmış və onu bu gün də yaşatmaqda davam edirlər.

Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır. Hər bir azərbaycanlı səməni göyərtməklə növbəti ilə bərəkət, bolluq, ruzi arzulayır. Hələ ta qədimdən insanlar Novruz bayramına 4 həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını ifadə etmişlər. Bu adət-ənənələr hazırda da davam etdirilir.

Qədim bayramlardan olan Novruz insana həyat verən dörd ünsürün - suyun, odun, torpağın və yelin (havanın) isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır. Buna görə də çərşənbələrin adları məhz bu amillə əlaqələndirilmişdir.

Hər bir xalq Novruz bayramı ilə bağlı etnik, yerli və milli xüsusiyyətlərinə uyğun olaraq özünəməxsus mərasim nəğmələri, rəqslər, xalq oyunları yaratmışdır.

Milli bayramımız Novruzun minilliklər boyu yaşatdığı dəyərlərdən biri də insanların bir-birinə bayram ərəfəsində qonaq getməsi, qohum, qonşuları, habelə xəstə insanları ziyarət etməsi hesab olunur. Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir.

Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.

Bu qərarı əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz, xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Novruz bayramı ərəfəsində icra edilən və yaşadılan bu dəyərlər xalqımızın birliyinə, bütövlüyünə, münasibətlər sisteminin qorunmasına olduqca böyük fayda verəcək. Məhz buna görə də bu adətlərin qorunması, yaşadılması bu günümüz və gələcəyimiz üçün vacibdir.

 

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Seçilən
11
redaktor.az

1Mənbələr