AZ

Bu axşam iftarı muğamla açdım... - Video

Qoçaq Əsgərovu çox sevirəm. O, həyatda hər nə əldə edibsə, məhz öz çalışqanlığı nəticəsində qazanıb. Keçdiyi yol həddindən artıq çətin olsa da, o, bütün maneələri aradan götürüb və bir çoxlarının əli çata bilmədiyi zirvələrə yüksəlib - həm də öz zəhməti hesabına. Yeniyetmə yaşlarında Birinci Qarabağ müharibəsi nəticəsində ürəkdən bağlı olduğu yurd-yuvasını tərk etmək məcburiyyətində olsa da, çox ahılın tab gətirə bilməyəcəyi belə bir psixoloji duruma sinə gərərək düşmənə qarşı döyüşlərə qoşuldu, qazilik şərəfinə də nail oldu. O, qazilik ruhunu elə bu gün də qoruyub saxlayıb.

Vətəni qoruduğu kimi muğam sərhədlərini də mərdcəsinə qoruyur. Qəribə bir dövrdə yaşayırıq: böyük ustadların səyi sayəsində və dövlətin tükənməz dəstəyi ilə bir çox gənc muğam ifaçıları yetişdirilərək Azərbaycan mədəniyyətinə gətirilib. Lakin bunların çoxu dövrün tələbatlarına görə el şənliklərindən gəlir əldə etmək üçün yad nəfəslərə müraciət etmək məcburiyyətində qalıblar. Onlar indi artıq muğam deyil, mahnı ifaçıları kimi tanınırlar. Toyxanadan qazandıqlarının bir hissəsini TV kanallarına xərcləyərək sayca bol olan proqramlara qonaq kimi dəvət alır və deyərdim ki, TV kanallarını da müəyyən mənada, toyxanaya çeviriblər. Artıq TV kanallarında belə, muğam oxumurlar, sadəcə mahnıların axırına “bir ağız muğam” əlavə edirlər. O da qışqırtı ilə - sanki qışqırma müsabiqəsidir.

Vəziyyətin bu yerdə olduğu bir halda Qoçaq Əsgərov igidcəsinə muğamın sərhədlərini qoruyur. O hər zaman bir muğam ifaçısı və müəllimi olaraq qalır. O, muğamdan qazandıqları mənəvi sərvətin qat-qat çoxunu muğama geri qaytarır. Qərb sənətinin beşiyi sayılan Avstriya, eynilə, Niderland, Yunanıstan, Böyük Britaniya, ABŞ və İsrail kimi ölkələrdə ən möhtəşəm səhnələrdə öz orijinal ifaları ilə xarici tamaşaçıları heyran qoyub.

Qoçağın özünəməxsus ifa tərzi var. O, vokaldan öyrəndiklərini də muğama qatır. Nəticə etibarilə muğama yeni bir təravət gətirib. Muğamda gəzişmələr edir. Lakin bu gəzişmələr onu muğamın özəyindən çox uzaqlara aparmır və hər zaman bir pərvanə kimi gəzişmə dairəsinin mərkəzində muğam şamı dayanır. Qoçaqla muğamın arasında olan bağlılığı mən bir ceyranla ceyran balasının arasında olan bağlılığa oxşadıram. Ceyran balası hərdən anasından uzaqlaşıb ətraf dünyanı kəşf etmək istəsə də, hər zaman bir gözü anasında olur və hara getsə də, yenə də anasına dönür.

O, hərdən zilə qalxır, hərdən də bəmə düşür, lakin nə zilə qalxanda qışqırır, nə də bəmə düşəndə muğamdan kənara çıxır. Səsin ən zil yerindən istifadə etməyi məharətlə bacardığı kimi, səsin ən bəm yeri - ən aşağı tonundan da istifadə etməyi ustadcasına bacarır. Onu dinləyən hər kəs yaxşı bilir ki, Qoçağın konsertində ucadan nəfəs də belə almaq olmaz - tam sakitlik hökm sürməlidir ki, Qoçağın səsindən tam bəhrələnə biləsən. Məhz buna görə də bir çox hallarda ürəkdən əl çalıb alqışlamaq istəsək də, bunu edə bilmirik. Bir sözlə desək, Qoçaq muğam sahəsində çox böyük nailiyyətlərə imza atıb və məhz buna görə də ən böyük xarici səhnələrə dəvət alır – onlar əsl muğamı dinləmək istəyirlər.

Qoçağın müsbət keyfiyyətləri bununla da bitmir. O, əsl vətənpərvərdir və ürəkdən yurdu olan Azərbaycana və mənsub olduğu türk millətinə bağlıdır. O, Azərbaycana və türk dünyasına nə dərəcədə bağlı olduğunu hər zaman öz ifaları ilə göstərir. Bir çoxları şöhrət naminə türkləri təhqir edən yad “sənətkarlar” ilə diz-dizə oturub, hətta onları “ustad” xitab etdiyi bir dövrdə o səhnədə səsinin ən zirvəsində Təbriz, Göyçə, ... deyə, fəryad edir. 

Respublikanın Əməkdar artisti Qoçaq müəllimi uzun illərdən bəri tanısam və onunla bir neçə dəfə görüşsəm də, son zamanlar görüşmək imkanım olmayıb. Onun buaxşamkı konsertindən xəbər tutan kimi bir daha əlaqə saxlayıb maraqlandım. Qoçaq müəllim dəvətnamə göndərdi və oruclu ağzımla, vaxt itirmədən konsert yerinə yollandım. İşlərin çoxluğu səbəbindən bir qədər də evdən gec çıxdım, lakin yolda heç nə almağa – gül dəstəsi almağa belə, vaxt qalmadı. Konsert başlayan kimi elə birinci hissəni görəndə həmin aclığı tamamilə unutdum. Burada mənə məlum oldu ki, mənəvi qida cismi aclığı da unutdura bilər.

Qoçaqla bağlı hər zaman məni düşündürən bir məqam olub: Nə üçün sırf bir Qoçağımız var? Bu axşam, demək olar, arzularıma çatdım. Gördüm Qoçaqdan bir neçəsi var - həm də çox gənc, olduqca perspektivli.

Qoçağın tələbələrinin ifaları da məni heyran qoydu. Həm də mənə məlum oldu ki, Qoçaq ifalarında özünü muğama həsr etdiyi kimi, bir müəllim kimi də bütün biliklərini səxavətlə tələbələrinə ötürür. O, muğamın bütün sirlərini, həm də böyük zəhmət-əziyyətlə özü qazandıqlarını tələbələrinə ötürür. Buaxşamkı konsertin hələ də ab-havasının təsiri altındayam. Muğamın Qoçaq müəlliminə və gələcəkləri olduqca parlaq olan onun gənc tələbələrinə böyük uğurlar diləyi ilə Əməkdar artistin növbəti konsertini səbirsizliklə gözləyirəm.

Ali Shokri

Seçilən
32
qafqazinfo.az

1Mənbələr