AZ

Tramp “Azadlıq Radiosu” və “Amerikanın Səsi”ni “BUDADI” – “Sui-qəsdə uğraması…”

“Trampın səlahiyyət başına keçdikdən sonra atdığı addımların gözlənilməzliyi “Azadlıq Radiosu” və “Amerikanın Səsi” kimi dünya səviyyəsində öz rolu olan media ruporlarının da bağlanması ilə öz aktuallığını qorudu”.

Bunu Yenicag.az-la söhbətində politoloq Azər Qasımov deyib.

Siyasi təhlil ABŞ prezidenti Donald Tramp tərəfindən “Azadlıq Radiosu” və “Amerikanın Səsi” kimi dünyanın bir çox ölkələrində nümayəndəlikləri olan media orqanlarının bağlanması məsələsinə münasibət bildirib.

A. Qasımova görə, bu media orqanlarının hələ Sovet İttifaqı dövründəki fəaliyyəti və rolu belə onların əhəmiyyəti barədə bir çox fikirlər irəli sürməyə bəs edirdi:

“Həmin dövrlər bu kanalların Azərbaycan üçün əhəmiyyətini xatırlatmaq kifayət edir. Dünya ilə tək əlaqə vasitəsi bu kanallar idi, xüsusən də, 20 yanvar, Xocalı soyqırımı kimi faciəli dövrlərin dünya ictimaiyyətinə çatdırılması baxımından… Trampın bu kanalların rəsmən bağlanmasına qərar verməsinin altında dərin məqamların olduğu şübhəsizdir. Görünüşdə bu kanalların dünyada Amerikanın siyasətinin beynəlxalq aləmdə tanınması və demokratik cəmiyyətlərin yaranması, inkişaf etdirilməsi, qorunması yolunda əhəmiyyəti mütləq idi. Amma Trampın bunları bağlaması elə görüntü yaradır ki, ABŞ, ardınca dünya hansısa qaranlıq dövrə qədəm qoyur və bu zaman demokratik ictimaiyyətin ruporları susdurulur. Hesab edirəm ki, məsələyə belə yanaşma da doğru olmaz. Çünki həmin kanalların ölkələrin iç işlərinə qarışmaq, hakimiyyət əleyhdarı qrupların və insanların əlində təbliğat vasitəsinə çevrilməsi halları da mövcud idi”.

Həmsöhbətimiz əlavə edib ki, bu, bəzi hallarda haqlı mövqe olsa da, bir çox hallarda öz maraqlarını güdən dairələrin əlində təzyiq üsuluna çevrilirdi:

“Bu baxımdan da hesab etmək olar ki, “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nin bağlanması Trampın məntiqi ilə dünyada yeni dövrün başlanğıcı, milli hakimiyyətlərin irəli çıxmasına, ölkələrin öz maraqlarından çıxış etməsi dövrünün başlanmasına işarə ola bilər. Çünki Tramp da hər addımında ABŞ dövlətinin maraqlarından çıxış etdiyini vurğulayır. Görünən odur ki, bu kanalların bağlanması ABŞ-nin ölkələrin işlərinə qarışmaqdan imtina edəcəyini mesaj verir”.

Analitikin fikrincə, Trampın bu addımla tək ABŞ-də yox, dünyada da təmizləmə siyasətinə start verdiyi başa düşülür:

“Yəni ABŞ-də aparılan dövlət daxili təmizlik prosesi göz önündədir. İlon Maskın addımları hər kəsə bəllidir. Kəşfiyyat, hüquq, səhiyyə, maliyyə, hərbi sahədəki kadr ixtisasları haqda xəbərlər gəlir. Amma dünyaya da bir nizamın gəlməsi üçün iqtisadi və hərbi olaraq təhlükə yaradan dövlətlərin və qrupların neytrallaşdırılması – məsələn, İran, Çin, digər qruplardan husilər, “Hizbullah”, HƏMAS və s. üçün də addımlar atılmağa başlanmışdır. Sülh üçün Rusiya-Ukrayna, Azərbaycan-Ermənistan arasında münaqişənin sonlandılması addımları atılır və çağırışlar edilir”.

“Trampdan sonra 2029-da kimin ABŞ dövlətinin başına keçəcəyi, təbii ki, indiki siyasətin davam etməsinə qərar verəcək. Hələlik bu barədə danışmaq tezdir. Çünki qarşıda çox gərgin və maraqlı proseslər var. Trampın hakimiyyətdən uzaqlaşdırılması və ya sui-qəsdə uğraması ehtimallarının belə gündəmdə dayandığı tez-tez vurğulanır. Odur ki, hakimiyyətə kimin adamının gəlməsi siyasətin davam edib, ya etməməsini müəyyən edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
21
yenicag.az

1Mənbələr