Gəncə, 17 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Ramazan ayı münasibətilə aztəminatlı və ehtiyacı olan ailələrə ərzaq sovqatı paylanılıb.
Türkiyənin Gəncədəki Baş Konsulluğunda keçirilən tədbirdə TİKA-nın Bakı proqramının koordinatoru Hayrettin Özçelik AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Gəncə şəhərində 150 ailəyə ərzaq yardımı çatdırılacaq.
“TİKA olaraq azərbaycanlı qardaşlarımız ilə Ramazan ayının bərəkətini bölüşmək məqsədilə ərzaq yardımları edir, iftar süfrələri açırıq. Paytaxt Bakı və rayonlarda 1500 ərzaq qutusu payladıq, 550 nəfər üçün iftar süfrəsi qurduq. Həmçinin Naxçıvan Muxtar Respublikasında 400 ailəyə ərzaq yardımı çatdırdıq, 250 şəhid ailəsi və qazi üçün iftar süfrəsi açdıq. Ümumilikdə, 2025-ilin Ramazan ayında Azərbaycanda 1900 ailəyə ərzaq yardımı çatdırılıb, 800 nəfərlik iftar süfrələri qurulub,” – deyə TİKA nümayəndəsi bildirib.