Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Təhsil oyunları platforması” layihəsi çərçivəsində Astara şəhərində intellektual oyun keçirilib.
Lənkəran–Astara Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunan "Nə? Harada? Nə zaman?" oyununda VI-XI sinif şagirdlərindən ibarət 20 komanda iştirak edib.
Turnir iki turdan ibarət olub və ümumilikdə 24 sual səsləndirilib. Hər bir suala cavab vermək üçün komandalara 60 saniyə vaxt ayrılıb.
Turnirdə I yerin qalibi Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbin komandası olub. Cəlilabad şəhəri 8 nömrəli Texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin komandası II, Lerik rayonu Əbülfət Musayev adına Vizəzəmin kənd tam orta məktəbin komandası III yeri tutub.
Qalib komanda Bakı şəhərində keçiriləcək final mərhələsində regionu təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, intellektual yarışların əsas məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili və əyləncə vasitəsilə təhsilə marağın artırılmasıdır.