Bu gün dünyada geosiyasi güc balansı dəyişir. Türk dövlətlərinin iqtisadi və siyasi əlaqələrinin güclənməsi son illərdə daha da sürətlənib. İş adamlarının və sahibkarların bu əməkdaşlıqdakı rolu xüsusi əhəmiyyət kəsb edir. Türk dövlətlərinin iqtisadi inteqrasiyası təkcə ticarət deyil, eyni zamanda qardaşlıq bağlarının möhkəmlənməsi deməkdir. Bəs bu birlik Türk dünyası üçün nə qədər vacibdir?

Türkiyəli iş adamı Osman Özharputlu Moderator.az-a açıqlamasında deyib ki, türk dünyasının birliyi təkcə iqtisadi güc əldə etmək baxımından deyil, eyni zamanda tarixi və mədəni bağlarımızın möhkəmlənməsi baxımından da böyük əhəmiyyət daşıyır:
“Ortaq dil, tarix və mədəniyyət bizi bir-birimizə sıx şəkildə bağlayan ən dəyərli amillərdir. Lakin bu bağları gücləndirmək və konkret nailiyyətlərə çevirmək üçün iqtisadi və siyasi əməkdaşlıqlarımızı artırmalıyıq. Türk dövlətləri arasında iqtisadi inteqrasiya təbii sərvətlərin, sənaye istehsalının və ticarətin daha səmərəli istifadəsinə imkan verəcək. Xüsusilə enerji, kənd təsərrüfatı, müdafiə sənayesi və texnologiya sahələrində ortaq layihələr həyata keçirərək qlobal rəqabətdə daha güclü mövqe tuta bilərik. Türk Dövlətləri Təşkilatının (TDT) aktivləşməsi türk dünyasının beynəlxalq arenadakı gücünü artıracaq. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyəti kimi dövlətlərin birgə siyasət formalaşdırması, qlobal geosiyasi proseslərdə daha çox söz sahibi olmamıza imkan yaradacaq. Türk dövlətləri arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi layihələri bölgə təhlükəsizliyini artıracaq. Türkiyənin müdafiə sənayesində qazandığı uğurların türk dünyası ilə paylaşılması, regional təhlükəsizliyi və müstəqilliyi möhkəmləndirəcək. Ortaq tarix kitabları, media layihələri, tələbə mübadilə proqramları və akademik əməkdaşlıqlar türk gənclərinin ortaq düşüncə və biliklə yetişməsini təmin edəcək. Türk dünyasında vahid əlifba və dil siyasətinin formalaşdırılması mədəni inteqrasiyanı sürətləndirəcək. Türk dünyasının iqtisadi inteqrasiyasında iş adamları böyük rol oynayır.
Bu prosesdə görülməli olan əsas tədbirlər bunlardır:
Türk dövlətləri arasında ticarəti asanlaşdırmaq üçün azad ticarət zonaları yaradılmalı, gömrük rüsumları azaldılmalı və logistika şəbəkələri gücləndirilməlidir.
Türk iş adamlarını dəstəkləmək üçün ortaq investisiya fondları yaradılmalı, sənaye və infrastruktur layihələrinə maliyyə vəsaiti ayrılmalıdır.
Türk dövlətləri arasında ortaq sənaye bölgələri yaradılmalı, müdafiə sənayesi, enerji, kənd təsərrüfatı və logistika sahələrində əməkdaşlıqlar artırılmalıdır.
Ortaq universitetlər yaradılmalı, tələbə mübadilə proqramları genişləndirilməli və iş dünyasına yönəlmiş peşə təhsili layihələri həyata keçirilməlidir.
Türk dünyasının iqtisadi, siyasi və mədəni inteqrasiyası yalnız bir ideal deyil, həm də zərurətdir. Güclü bir türk birliyi yalnız türk dövlətlərinə deyil, həm də regional və qlobal sabitliyə töhfə verəcəkdir. İş adamları olaraq üzərimizə düşən məsuliyyəti yerinə yetirməklə bu prosesi sürətləndirməliyik. Bu gün atacağımız addımlar gələcəkdə müstəqil, güclü və birliyə əsaslanan bir türk dünyasının təməlini formalaşdıracaq”.

ATUİAB (Azərbaycan Türk Uzbekistan İş Adamları Birliyi ), Caspian Capital Group şirkətləri Orta Asiya üztə nümayəndəsi və TKTİ( Tashkent Kimya Texnoloji İnustutu) innovasiya , ticarətləştirme bölümü rəhbəri və rektor məsləhətçisi olaraq 4 ilə yaxındır Daşkəntdə fəaliyyət göstərən Ruslan İmamzadə qeyd edib ki, Ta qədim zamandan türk dünyası, Turan elləri, Ötükən vadisindən tutmuş Altay dağlarına, Qafqaz və Anadolu bölgəsinə qədər bu ərazidə yaşayan bütün türk dövlətləri arasında hər zaman siyasi, iqtisadi və ictimai əlaqələr olmuşdur:
“Bəzən müttəfiq olaraq, bəzən siyasi çəkişmələrlə yanaşı, hər zaman iqtisadi əlaqələr özünü ən yüksək şəkildə göstərmişdir. Bunun da əsas səbəbi İpək Yolunun üzərində yerləşməsidir. Çindən Avropaya, hətta Afrikaya qədər uzanan bu İpək Yolu, bildiyimiz kimi, böyük vətənimiz – ana vətənimiz Turan Ellərindən keçərək Azərbaycandan, Anadoludan keçməklə Avropaya, Hələb vasitəsilə Aralıq dənizinə və Misirə çıxmaqla, Afrika ilə əlaqələrini genişləndirmişdi. Bu coğrafi əlaqədə yaşayan türk dövlətləri hər daim bir-biri ilə inteqrasiyada olmuşdur. Bişkekdə, Almatada da olmuşam və Daşkənddə dörd ildən artıq yaşayıram. Orta Asiya böyük şəhərlərinin hər birində çox asanlıqla ana dilimdə – Azərbaycan türkcəsində danışıb anlaşa bilirəm. Şahid olduğum ən əsas məsələlərdən biri xalq dili olaraq 80-90 faiz danışıq dilimizin kökünün eyni olmasıdır. Bu nəyi göstərir? Bu onu göstərir ki, bu gün həm iqtisadi, həm ictimai, həm ticari və mədəni əlaqələrimizlə yanaşı, biz soy kök olaraq, qardaş xalqlar olaraq həm bir-birimizə çox sevgi dolu, həm də bir-birimizə dəstək dolu mənəvi, iqtisadi və siyasi cəhətdən bu gün özümüzü göstərməklə, sanki tarixdən bizə ötürülən o qardaşlıq bağlarını və ənənəsini davam etdirmək məsuliyyətini üzərimizə qoyur. Bugünkü dövlət adamları, başda da cənab Prezidentimiz İlham Əliyevin hər çıxışında qeyd etdiyi kimi, bizim dünyamız türk dünyasıdır, bizim yerimiz türk dünyasıdır və bu gün Türk Dövlətləri Birliyində Azərbaycan dövlətinin aktuallığını vurğulamışdır. Cənab Prezidentimizin hər sahədə olduğu kimi, bu sahədə də böyük, dinamik çıxışları, göstərişləri və çevik iqtisadi əlaqələrin inkişafındakı tapşırıqları, dövlət qurumları tərəfindən nəzarətdə saxlanılmaqla yanaşı, müstəqil iş adamları tərəfindən də bu siyasət bir tapşırıqcasına yerinə yetirilir. Təbii ki, burada biznes əlaqələrimizi gücləndirməklə, iş adamları olaraq həm öz biznesimizin inkişafına, həm qardaş ölkələrimizin inteqrasiyasına, həm də iqtisadiyyatımızın inkişafına dəstək oluruq. Dolayısı ilə bu gün bütün türk dünyasına, İstanbuldan tutmuş Bişkekə qədər, Almatadan tutmuş Bakıya qədər, Bakıdan tutmuş Daşkəndə qədər və Şimali Kiprdən tutmuş Rusiya ərazisində yaşayan türk dövlətləri var ki, federativ respublikanın içərisində o dövlətlərlə də inteqrasiyamız Macarıstan kimi Avropa dövlətlərinin də diqqətini çəkir. Hansı ki, uzaq soy kök olaraq Hun tayfaları olaraq biz onlarla qardaşıq və türk dövləti olaraq yaxınlıq münasibətindəyik. Bu yaxınlıq, təbii ki, bizim Türk Dövlətləri Birliyi olaraq ictimai, iqtisadi və mədəni fəaliyyətimizi ortaya qoyur. Və artıq siz bilirsiniz ki, vahid əlifbaya keçmək, vahid Turan Dövlətləri Birliyinin və Türk Dövlətləri Birliyinin bayrağının təsdiq edilməsi artıq növbəti addımların atılmasına gətirib çıxaracaq. Bu, təbii olaraq, bizim kimi türkdilli dövlətlərin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə, turizmdən tutmuş mədəniyyətə qədər, siyasi birlikdən tutmuş iqtisadi birliyə qədər hər bir sahədə yalnız müsbət nəticəyə çevrilə bilər. Dolayısı ilə bu gün, bu Türk Dövlətləri Birliyinin prezidentlərini, başda da cənab İlham Əliyev olmaqla, bu sahədə gördükləri, verdikləri tapşırıqlar və atdıqları bütün addımlar çox təqdirə layiqdir”.
Ruslan İmamzadə vurğulayıb ki, Türk dövlətləri içərisində ərazi olaraq bəlkə də ən kiçik dövlətlərdən biri olan Azərbaycan olmağına baxmayaraq, cənab Prezidentimizin siyasi gedişi, iqtisadi addımları bu gün bizim bütün Türk Birliyi içərisində daha aktiv şəkildə lider dövlətlərdən biri olduğumuzu ortaya qoyur:
“Bu da təbii ki, Azərbaycan vətəndaşı olaraq bizim üzərimizə Orta Asiyada qardaş ölkələri içərisində məsuliyyətimizi birə-on artmağına səbəb olur. Çünki biz həm də dövlətimizi, millətimizi, xalqımızı və Prezidentimizin iqtisadi sahədə bir əsgəri olaraq atdığımız addımlarda özümüzü təmsil etməklə yanaşı, həm də dövlətimizi və xalqımızı təmsil edirik. Bu siyasəti dəstəkləməklə, Turan ellərində Türk Dövlətləri Birliyinin inkişafında az da olsa dəstək olmağa çalışırıq. Bildiyiniz kimi, bu addımın Azərbaycan dövlətinə siyasi arenada göstərdiyi dəstəyi xüsusilə qeyd etmək lazımdır. Çünki bu günləri bizim Prezidentimiz, ümummilli liderimizin oğlu cənab İlham Əliyev, Ali Baş Komandanımız sözün əsl mənasında, həqiqi mənasında Türk dövlətləri içərisində lider şəxslərdən biridir.
Nəinki Türk dövlətləri içərisində, bu gün cənab Prezidentimizin siyasəti nəticəsində həm Avropa Birliyi içərisində, həm Birləşmiş Millətlər Təşkilatında, eyni zamanda, Qoşulmama Təşkilatında atdığımız addımlar və ötən ilin payızında COP-la bağlı dünyanın yüzdən artıq dövlətinin minlərlə nümayəndəsinin Azərbaycan dövlətində qonaq olması, bu siyasi arenada Azərbaycan dövlətinin xüsusi çəkisini göstərir.
Təbii ki, Türk dövlətləri içərisində Azərbaycan dövləti, Orta Asiya dövlətlərində artıq Azərbaycan iqtisadi fondu olaraq təmənnasız, faizsiz ölkələrin inkişafına, qardaş ölkələrimizin inkişafına fond ayırır, qarşılıqlı iqtisadi əlaqələrin inkişafına dəstək olur. Bu günləri böyük dövlətlər — Çin, Avropa, Rusiya, ərəb ölkələri bu fondları müəyyən faizlə, bəziləri 5 faiz, bəziləri isə 12 faizlə Orta Asiyadakı qardaş dövlətlərə yatırım etməyə, investisiya qoymağa çalışırlar. Lakin Azərbaycan dövlətimizin və cənab Prezidentimizin xüsusi əsas tapşırıqlarından biri budur ki, bu iqtisadi əlaqələr Azərbaycanla Qırğızıstan arasında və ya Özbəkistanla faizsiz bir şəkildə, Azərbaycan və qardaş ölkələrimizdən olan iş adamları ilə birlikdə qurulan müəssisələrə investisiya qoyulması ən böyük dəstəkdir.Bunun nəticəsi olaraq, təbii ki, bu iqtisadi əlaqələrdən irəli gəlir ki, Özbəkistanda bu gün 100 adamdan bir müsahibə aparmışdıq. Tam olaraq bazar, universitet və mədəniyyət mərkəzlərinin ətrafında biz 100 özbək vətəndaşından müsahibə almışdıq. Aldığımız sorğuda, Azərbaycan xalqını sevdiklərini, dəstəklədiklərini və 44 günlük ikinci Qarabağ savaşında özbək və qırğız xalqının böyük mənəvi dəstək olmaqla yanaşı, siyasi arenada da bizim haqq yolumuzu dəstəklədiklərini, bu gün də dəstəklədiklərini bildiriblər. Təbii ki, məhz bu siyasi arenadakı dəstəyimiz nəticəsində biz cənab Prezidentimizin ətrafında birləşərək, düşmənin başına zərbə endirmişdik.Bu günlərdə bizim cənab Prezidentimiz, xaricdən olan siyasi basqılara, Avropa dövlətlərindən, Amerika qitəsindən və müxtəlif bölgələrdən gələn təzyiqlərə təkcə tab gətirib, eyni zamanda onların mənfur addımlarını qabaqcadan müəyyən edərək ifşa edib. Bax, bu, cənab Prezidentimizin göstərdiyi daxili və xarici siyasətin nəticəsidir ki, Orta Asiyada canlı şahidiyik. Bizim dövlətimiz nə qədər sevilir, bu siyasət necə yüksək qiymətləndirilir.rta Asiyada təbii olaraq biznes əlaqələrimiz, dünyanın müxtəlif yerlərində yaşayan həm Azərbaycanın, həm də qardaş türk xalqlarının nümayəndələri ilə əlaqədə olmaqla, onların bizə olan münasibətini görürük. O yerlərdə belə, bizim dövlətimizin, dövlət başçımızın nə qədər sevildiyini, nə qədər siyasi, iqtisadi və xarici siyasi arenada atdığı addımların, olduğu mövqeyin və tutduğu reytinqin yüksək dəyərləndirildiyini canlı şahidiyik. Bu, özlüyündə bizim dövlətimizin uğurunun ən böyük göstəricisidir”.
Həmyerlimiz onu da əlavə edib ki, dövlət qurumları, özəl sektor və böyük holdinqlər iqtisadi əlaqələrin inkişafında müsbət addımlar atırlar:
"Ən çox türk dünyasında bu günlərdə əlaqələrin qurulması, xüsusilə inşaat sahəsində böyük irəliləyişlər var. Sovetlər Birliyi dağıldıqdan sonra demək olar ki, bütün türk dövlətləri, Orta Asiya və eyni zamanda Qafqazda Azərbaycan, bu ölkələr Sovet memarlıq abidələrinin köhnəlməsi, insanların sayının sürətlə artması və iqtisadi rifahın yaxşılaşması nəticəsində, artıq bütün bu türk dövlətlərində böyük şəhərlərdə yenidənqurmalar və tikinti sektoru çox böyük sürətlə inkişaf etməkdədir. Buna görə bizim diqqətimizi daha çox iş adamları, inşaat və inşaat sektoruna uyğun olaraq istehsal müəssisələrinin qurulması birinci yerdə durur. Amma dövlət qurumları olaraq, bu günlərdə neft və qaz sahəsində, bildiyiniz kimi, çox böyük kontraktlar mövcuddur. Eyni zamanda, logistika sahəsində, turizmin inkişafı və aqro və kənd təsərrüfatı sahəsində də çox böyük yatırımlar var. Dövlət qurumları artıq dövlət səviyyəsində bağlanmış protokollarla əməkdaşlıq edirlər və bir-birindən dəstək almaqla inkişaf edirlər. Lakin, xüsusi sektor olaraq, biznes sahəsində ən çox inşaat və neft-qaz sahəsində irəliləyişlər müşahidə olunur. Eyni zamanda kənd təsərrüfatı sahəsində də çox böyük irəliləyişlər var və bu irəliləyişləri artıq sadaladığımız demək olar ki, iqtisadiyyatın bütün sahələrində görürük. Məsələn, artıq bu günlərdə Azərbaycanda ASAN xidmət modeli var ki, bu, Özbəkistanda tətbiq olunmağa başlayıb, və ya Özbəkistanda aqro və tekstil sahələrindəki inkişaf Azərbaycanda tətbiq olunmağa başlayır. Eyni zamanda, bu günlərdə Özbəkistanda neft və qaz sahələrindəki inkişafda SOCAR şirkətinin çox böyük əməkdaşlığı mövcuddur və ya dağ-mədən, energetika və turizm sahəsində iş adamlarının və dövlət qurumlarının yatırdığı investisiyalar var. Bu iqtisadi əlaqələrin demək olar ki, bütün sahələrində inkişaf göz önündədir.Demək olar ki, ildə ən azından 4-5 dəfə olur ki, Azərbaycandan biznes klublar Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfər edirlər, ya da tam tərsi, Özbəkistandan il ərzində 3-4 biznes qrupları olur ki, elə bizim də vasitəmizlə Azərbaycanda forumlarda iştirak edirlər. Eyni zamanda, iş adamları ilə görüşlər təşkil olunmaqla, özlərinin ticari və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, investisiyaların qoyulmasında da müştərək addımlar atırlar.Burada ən çox diqqət çəkəcəyim mövzu, Azərbaycanın Özbəkistan, Azərbaycan-Qırğızıstan və Qazaxıstan dövlətlərində iş adamlarının daha çox birgə investisiya qurmasıdır. Bu daha ürəkaçandır, çünki birgə əməkdaşlıq bütün Türk dünyasına müsbət nəticə verəcəyinə inanırıq. Birgə əməkdaşlıqda həmin təcrübələr və investisiyaların qoyulması, etibarlılığı yüksək dəyərləndirilir.Dolayısı ilə, bugünkü iş adamlarının Orta Asiya axını, eyni zamanda Orta Asiyadan da Azərbaycan və Türkiyəyə yönəlməsi, bizim Türk və qardaş dövlətlərimizin iqtisadi əlaqələrinin inkişafının göstəricisidir. İnandığım kimi, bu göstərici daha da böyüyəcəkdir”.

Sahibkar, hüquqşünas, memar, “Zaferoğlu” inşaatın qurucusu Zəfər Məmmədov təsiqləyib ki, dünyada geosiyasi güc balansı sürətlə dəyişir və qlobal iqtisadi sistem yeni mərkəzlərin formalaşması ilə yenidən qurulur:
“Bu dəyişikliklər fonunda Türk Dövlətləri Təşkilatı (TDT) getdikcə daha vacib bir iqtisadi və siyasi blok kimi ön plana çıxır. TDT-yə üzv ölkələrin ümumi ÜDM-si 1,5 trilyon ABŞ dollarına yaxınlaşır və bu rəqəm getdikcə artır. Türk dövlətlərinin iqtisadi inteqrasiyası yalnız ticarət və investisiya məsələsi deyil, eyni zamanda tarixi, mədəni və qardaşlıq bağlarının daha da gücləndirilməsi deməkdir. Əgər biz birgə hərəkət edəriksə, 2050-ci ilə qədər Türk dövlətlərinin birgə iqtisadi gücü 5 trilyon dolları ötə bilər. Türk dövlətləri arasındakı ticarət dövriyyəsi hazırda 30 milyard dollar səviyyəsindədir. Lakin bu, potensialın yalnız bir hissəsidir. TDT üzvləri arasında sərbəst ticarət müqavilələrinin sayının artması nəticəsində bu rəqəm yaxın illərdə 100 milyard dollara çata bilər.
Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr son illərdə sürətlə inkişaf edir. 2023-cü ilin ticarət dövriyyəsi 15 milyon dolları keçib, lakin bu göstərici potensiala uyğun deyil. Yaxın illərdə bu rəqəmin 100 milyon dollara çatdırılması hədəflənir. Qırğızıstan və Azərbaycan arasında ticarət, investisiya və strateji tərəfdaşlıq sahəsində mühüm addımlar atılır.
Azərbaycan və Qırğızıstan arasında Sərbəst Ticarət Sazişinin imzalanması planlaşdırılır. Qırğızıstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı artırılır. Azərbaycanın enerji və infrastruktur sahəsində Qırğızıstana investisiya yatırması müzakirə olunur. Logistika və nəqliyyat sahəsində Orta Dəhliz çərçivəsində Qırğızıstanın rolu artır”.
Sahibkar əlavə edib ki, Türk dünyası böyük nəqliyyat və logistika potensialına sahibdir:
“Qazaxıstan və Qırğızıstan Orta Dəhlizin əsas hissəsidir və Azərbaycan üzərindən Avropaya çıxış əldə edirlər. Azərbaycan və Qırğızıstan arasında yeni tranzit yollarının açılması Qırğızıstanın Çinə çıxışını genişləndirə bilər. Türkiyə ildə 500 milyard dollarlıq xarici ticarət dövriyyəsinə sahibdir və bu, Türk dövlətləri üçün böyük bazar imkanları yaradır.
Türk sahibkarları bir-birinə dəstək olduqda və iqtisadi əlaqələri dərinləşdirdikdə, bu proses təkcə iqtisadi güc yaratmır, həm də xalqlar arasında mənəvi bağları möhkəmləndirir. Sahibkarların birgə çalışması aşağıdakı üstünlükləri təmin edir:
Yeni bazar imkanlarının açılması – Müştərək investisiyalar və sərmayə fondları yaradılaraq biznes imkanları genişlənir. Ortaq sənaye və istehsal gücünün artırılması – Türk dövlətlərində istehsal müəssisələri yaradılaraq idxaldan asılılıq azalır. Turizm və xidmət sektorunda əməkdaşlıq – 2023-cü ildə Türk dövlətləri arasında turizm həcmi 5 milyon nəfəri ötüb, lakin bu potensialın yalnız 30%-ni təşkil edir”.
Z.Məmmədov xatırladıb ku, son illərdə Türk sahibkarlarının əməkdaşlığını gücləndirmək üçün bir sıra mühüm addımlar atılıb:
“Türk İnvestisiya Fondu yaradılıb – Bu fond 500 milyon dollarlıq ilkin kapital ilə Türk dövlətləri arasında investisiyaları dəstəkləyir. Türk Dövlətləri Gömrük İttifaqının yaradılması planlaşdırılır – Bu layihə həyata keçərsə, Türk ölkələri arasında gömrük prosedurları sadələşəcək və ticarət dövriyyəsi 3 dəfə artacaq. Azərbaycan-Qırğızıstan İş Adamları Forumunun keçirilməsi planlaşdırılır. İnnovasiya və startap sahəsində ortaq layihələr hazırlanır.
Türk dövlətləri arasında sahibkarlar üçün daha sıx əlaqələrin qurulması üçün aşağıdakı addımlar atılmalıdır:
Gömrük və ticarət prosedurlarının tam liberallaşdırılması – Xüsusilə, Orta Dəhliz üzərində fəaliyyət göstərən ölkələr arasında vahid gömrük sisteminin yaradılması.
Türk ölkələri arasında milli valyutalarla ticarət imkanlarının genişləndirilməsi – Hazırda bu proses başlanğıc mərhələsindədir, lakin uğurla həyata keçirilərsə, xarici valyutalardan asılılıq azalacaq.
Türk Sahibkarlar Assosiasiyasının daha aktiv fəaliyyət göstərməsi – Sahibkarların bir araya gəldiyi ortaq iqtisadi platformaların sayının artırılması…”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.
