AZ

Dünya nizamının transformasiyası: Azərbaycan müstəqillik nümunəsi göstərir - RƏY

Bakı, 17 mart, AZƏRTAC

Hazırda beynəlxalq müstəvidə mürəkkəb proseslər davam edir, münaqişələrin sayı artmaqdadır. Dünya nizamı artıq mövcud deyil. Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə bu mövzuda fikirlərini geniş şəkildə ifadə etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, gələcək üçün vacib məsələlərdən biri ölkələrin beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verməsidir. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə iflic vəziyyətdədir. Əlbəttə, hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.

“Cənubi Qafqaz regionunda proseslərə gəlincə, dövlətimizin başçısının qeyd etdiyi kimi, bu region uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Ermənistanın işğalçılıq siyasəti 30 il regionda müharibə şəraitinin davam etməsinə səbəb olub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Hazırda hərbi qarşıdurma olmasa da, sülh də mövcud deyil. Dayanıqlı sabitlik üçün ölkələr arasında sülh sazişi imzalanmalıdır. Ermənistan bu sülhün əldə olunması üçün üzərinə düşən vəzifələri yerinə yetirməlidir”,- deyə F.Yıldırım əlavə edib.

Onun sözlərinə görə, hazırda dünyada yeni nizamın formalaşması prosesi gedir. Belə bir şəraitdə beynəlxalq güclərdən asılı olan dövlətlər və xalqlar çətin sınaq qarşısındadır. Çünki kənar qüvvələrin diktəsi ilə idarə olunanlar öz gələcəkləri barədə azad şəkildə qərar vermək iqtidarında deyil. Amma müstəqil siyasət yürüdən ölkələr bu prosesdə öz rolunu oynayır. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Dövlətimizin başçısının mövcud beynəlxalq münasibətlər sistemi haqqında fikirləri onun dünya miqyasında nə qədər güclü Lider olduğunu bir daha təsdiqləyir. Xüsusilə Azərbaycan Prezidenti müstəqil dövləti necə qorumağın nümunəsini təqdim edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmayıb. Azərbaycan nümunəsi göstərir ki, hər bir ölkə öz taleyinin sahibi olmalıdır.

Deputatın fikrincə, öz milli dövlətlərini qorumaq istəyən xalqlar Azərbaycan Prezidentinin tövsiyələrinə istinad etməlidirlər. Çünki bu fundamental yanaşma hər bir milli dövlətin gələcəyi üçün həyati əhəmiyyət daşıyır.

“Prezident İlham Əliyev müsahibədə XII Qlobal Bakı Forumunun əhəmiyyətindən də geniş bəhs etdi. Dövlətimizin başçısının vurğuladığı kimi, beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında bu Forumun vacib rolu var. Bakı Forumunun iştirakçıları ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşüblər. Forumda iştirak edən dünya miqyasında nüfuzlu şəxslərin proseslərə yanaşmaları beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır”,- deyə Fatma Yıldırım vurğulayıb.

Seçilən
34
2
azertag.az

3Mənbələr